www.mlspp.gov.az
Azərbaycanca   English 19.10.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda 5 rayonun sakinləri ilə görüşüb                    Türkiyənin İstanbul şəhərində BƏT-in 10-cu Avropa Regional İclası keçirilir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
03.10.2017

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BƏT-in 10-cu Avropa Regional İclasında çıxış edib (VİDEO)

Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclası keçirilir. Avropa və Mərkəzi Asiya ölkələrindən hökumət, işəgötürən və işçilərin nümayəndələrinin iştirak etdiyi Tədbir BƏT-in Baş direktoru Qay Rayderin “Avropada və Mərkəzi Asiyada layiqli əməyin gələcəyi: imkanlar və çağırışlar” mövzusunda hesabat məruzəsinin dinlənilməsi və məruzə ətrafında müzakirələrin aparılması ilə başlayıb.
İclasda Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümov çıxış edib. Nazir BƏT-in Baş direktoru Qay Rayderin sosial inkişafın dəstəklənməsinə və layiqli əmək konsepsiyasının reallaşdırılmasına yönəlmiş məsələləri əhatə edən məruzəsinin Təşkilatın hazırkı və gələcək fəaliyyətinin başlıca mövqeyini bir daha təsdiqlədiyini vurğulayıb: “Məruzədə qeyd edildiyi kimi, qlobal iqtisadi böhrandan sonrakı dövrdə layiqli əmək konsepsiyasından irəli gələn təşəbbüslər həm bu proseslərə cəlb olunan region ölkələri, həm də bütövlükdə dünya birliyi üçün daha əhəmiyyətli məqsədlərin qarşıya qoyularaq onlara nail olunmasını nəzərdə tutur. Əhalinin məşğulluq imkanlarının artırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş səylərin koordinasiyası bu gün antiböhran siyasətinin əsas prioritet istiqaməti kimi qəbul olunur”.
S.Müslümov bildirib ki, tarix cəmiyyətin və tərəqqinin inkişaf səviyyəsinin bəşəriyyətin öz gələcəyi konsepsiyasını düzgün formalaşdırması bacarığından asılı olduğunu göstərir. Qloballaşan dünyada ictimai inkişafın müasir mərhələsi sosial münasibətlərin, elmin və texnikanın sürətli inkişafı ilə səciyyələnir. Dəyişikliklər prosesi elə sürətlə və elə miqyasda baş verir ki, bu əmək sferasının transformasiyasına səbəb olur: “Bu baxımdan müasir dövrdə əmək sferasının gələcəyinə yeni texnologiyaların inkişafı, demoqrafik perspektivlər, əmək münasibətlərinin tənzimlənməsi, miqrasiya prosesləri, bacarıqların artırılması və təhsil imkanlarının genişləndirilməsi kontekstində praqmatik baxışın formalaşdırılması dayanıqlı iqtisadi artımı, layiqli iş yerlərinin yaradılmasını, bütövlükdə insan kapitalının inkişafını təmin edən yeni mexanizmlərin yaradılması üçün əsas şərtlərdən biridir. Bunu dərk edərək, Azərbaycan Hökuməti sosial tərəfdaşlarla birgə BƏT-in çağırışına cavab verərək, “Əməyin gələcəyi” təşəbbüsünə öz dəstəyini bildirmişdir”.
Nazir vurğulayıb ki, Azərbaycanda innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması, əhalinin sosial rifahının yüksəldilməsi əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin əsas strateji hədəfləridir: “Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri arasında olmuşdur. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan Respublikası daha iki pillə irəliləyərək iqtisadiyyatın rəqabətə davamlılığına görə dünya ölkələri sırasında 35-ci yerdə qərarlaşmışdır”.
Sahibkarlığın inkişafını təmin edən iqtisadiyyatın liberallaşdırılması və digər iqtisadi münasibətlərin tənzimlənməsi nəticəsində son 10 il ərzində ölkəmizdə Ümumi Daxili Məhsulun 3 dəfədən çox artdığını diqqətə çatdıran S.Müslümov bu dövrdə respublikamızda 1,6 milyondan artıq yeni iş yeri yaradıldığını, əhalinin gəlirlərinin 4,5 dəfə, minimum əmək haqqının 2,9 dəfə, orta aylıq əmək haqqının 3,4 dəfə artdığını, işsizlik və yoxsulluğun 5 faiz səviyyəsində saxlanıldığını bildirib: “Makroiqtisadi stabillik və iqtisadi nailiyyətlər Hökumətə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn siyasi məqsədləri reallaşdırmağa imkan yaratmışdır. Əgər təkcə ideya deyil, həm də onun həyata keçirilməsi üçün zəruri olan ictimai dəstək olmasaydı, bu nailiyyətlər əldə edilə bilməzdi”.
S.Müslümov Azərbaycanda məşğulluğun inkişafına və layiqli əmək konsepsiyasının reallaşmasına yönəldilən balanslaşdırılmış iqtisadi siyasətin konkret nəticələrlə ifadə olunmuş milli prioritet olduğunu qeyd edib: “Milli səviyyədə biz layiqli əməyi ümumi inkişaf kontekstində makroiqtisadi və əmək bazarı siyasətlərinin qarşılıqlı əlaqəsi əsasında əhalinin məşğulluq imkanlarının artırılması kimi görürük. Başqa sözlə, layiqli əməyin təmin edilməsini məhsuldar əməyə nail olunması, sabit və keyfiyyətli iş yerlərinin yaradılması, peşə təhsili sisteminin təkmilləşdirilməsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması, işsizlikdən sığorta və tibbi sığorta sistemlərinin tətbiqi, əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması, sosial dialoqun gücləndirilməsi tədbirləri vasitəsi ilə reallaşdırırıq. Bununla yanaşı, qeyri-formal məşğulluğun aradan qaldırılması, əmək bazarında kvalifikasiyaların iqtisadiyyatın artan tələbatına uyğunlaşdırılması, gender bərabərliyinin təmin olunması, əhalinin özünüməşğulluğunun inkişafı və s. məsələlərə xüsusi diqqət yetiririk”.
Nazir bildirib ki, bu siyasət ilk növbədə sosial müdafiə tədbirlərində əhatəliliyin və ünvanlılığın təmin edilməsinə, əmək və sosial təminat sahəsində sürətli, rahat və şəffaf dövlət xidmətlərinə geniş çıxış imkanlarının yaradılmasına, sosial xidmətlərin təqdim edilməsində innovativ texnologiyaların tətbiqinə və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə əsaslanır. Bütün bu məqsədlər gələcək illərdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətiliyinin artırılmasını və yüksək insan kapitalının inkişafını təmin edəcək “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” və sosial yönümlü dövlət proqramları çərçivəsində reallaşdırılır: “Əmək və məşğulluq sahəsində siyasətin BƏT-in tripartizm prinsipi əsasında icrası bu siyasətin uğuru üçün lazımi zəmindir. Azərbaycanda 2016-cı ilin sentyabr ayında sosial tərəfdaşların sosial-iqtisadi və əmək münasibətləri sahəsində maraqlarını tənzimləyən Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılmışdır. Əmək sferasının mövcud vəziyyətinin və gələcək perspektivlərinin üçtərəflilik (tripartizm) prinsipi əsasında qiymətləndirilməsi bizi bu sahədə qəbul olunan qərarların düzgün və etibarlı olduğuna əmin edir. Cəmiyyətdə rəğbətlə qarşılanan bu cur yanaşma BƏT tərəfindən ən yaxşı təcrübə nümunəsi kimi qəbul edilərək region ölkələri üçün tövsiyə olunmuşdur”.
S.Müslümov Azərbaycanda dövlət məşğulluq siyasətinin bir çox beynəlxalq təşkilatlarla, xüsusilə BƏT-lə sıx əməkdaşlıq çərçivəsində beynəlxalq norma və standartlar, dünya əhəmiyyətli beynəlxalq sənədlər əsasında hazırlanaraq həyata keçirildiyini diqqətə çatdırıb: “BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyindən irəli gələn öhdəliklərin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə aidiyyəti dövlət orqanlarının və sosial tərəfdaşların rəhbər şəxsləri səviyyəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması bəşəriyyəti dayanıqlı inkişaf yoluna aparacaq yeni Dayanıqlı İnkişaf Məqsədlərinin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edir. Azərbaycan könüllü olaraq ölkədə Dayanıqlı İnkişafın 6 Məqsədinin icrası üzrə Hesabatın hazırlanmasını bəyan etmiş və bu ilin iyul ayında Hesabat uğurla təqdim olunmuşdur”.
Nazir növbəti ildə Azərbaycanda keçiriləcək Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci məqsədinin icrasına dair beynəlxalq konfransda BƏT-in Baş Direktoru cənab Qay Rayderin iştirakının da nəzərdə tutulduğunu bildirib: “2016-cı ilin sentyabr ayında Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramının imzalanması ölkədə sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən növbəti bir addım oldu. Bu Proqram çərçivəsində həyata keçirilən tədbirlər sırasında ölkəmizdə yeni Məşğulluq Strategiyası layihəsinin hazırlanmasını, Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi üçün təlim kurslarının təşkilini, gənclərin məşğulluğunun artırılmasına yönələn bir sıra layihələrin icrasını, əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində BƏT-lə birgə fəaliyyətin həyata keçirilməsini xüsusi qeyd etmək istərdim”. S.Müslümov Azərbaycanın özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi sahəsində təcrübəsinin region ölkələri üçün BƏT tərəfindən ən yaxşı nümunə kimi göstərildiyini vurğulayıb: “Azərbaycanın əmək, məşğulluq və sosial müdafiə sahəsində dünyanın ən nüfuzlu təşkilatı olan BƏT-in siyasətini müəyyən edən bir orqanda təmsil olunmaq hüququ qazanması ölkəmizdə sosial-iqtisadi sahədə aparılan uğurlu islahatlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətin növbəti təzahürüdür”.
Sosial təhlükəsizliyin sosial hüquqların inkişafını şərtləndirən əsas amillərdən biri olduğunu qeyd edən nazir bildirib ki, bu baxımdan həll olunmamış hərbi münaqişələr, terrorizm təhlükəsi nəinki ayrı-ayrı ölkələrin, bütövlükdə dünya birliyinin sosial inkişaf imkanlarını məhdudlaşdırır: “Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20% torpaqlarının Ermənistan tərəfindən davam edən işğalı olmasaydı, 1 milyondan artıq insan xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan qaçqın və məcburi köçkünə çevrilməsəydi, əldə edilmiş sosial-iqtisadi nailiyyətlər daha yüksək olardı. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsinə baxmayaraq, hələ də həll olunmamış hərbi münaqişə nəinki bizim ölkənin, bütün regionun iqtisadi inkişafına təsir göstərir. Fikrimcə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, habelə BƏT-in bir çox strateji məqsədlərinə çatmaqda maneə olan bu kimi problemlərin həlli dünya birliyindən daha böyük səylərin göstərilməsini tələb edir”.
S.Müslümov ölkəmizdə növbəti inkişaf mərhələsində də sosial yönümlü inkişafa daha çox üstünlük veriləcəyini vurğulayıb: “Bu gün qloballaşma proseslərinin necə şərh edilməsindən asılı olmayaraq, biz vədlərimizin icrası ilə bağlı mənəvi məsuliyyət daşıyırıq və bu bizdən əmək sahəsindəki başlıca hüquq və prinsiplərin reallaşdırılmasını, layiqli əməyin təmin edilməsinə yönəldilmiş yeni qərarların qəbul edilməsini tələb edir”. Nazir BƏT-in Baş Direktorun məruzəsində əks olunan əsas problemlərin milli prioritetlər və BƏT-in müvafiq normaları əsasında həlli üçün bu Təşkilatla əməkdaşlığın gücləndirilməsinin hər bir ölkə üçün əhəmiyyətini və zərurətini qeyd edib.
İclas Avropada və Mərkəzi Asiyada layiqli əməyin gələcəyinə, miqrantların və qaçqınların əmək bazarlarına ədalətli və səmərəli çıxışına, əmək sahəsinin idarə olunmasına dair müzakirələrlə davam edir.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.