www.mlspp.gov.az
Azərbaycanca   English 19.10.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda 5 rayonun sakinləri ilə görüşüb                    Türkiyənin İstanbul şəhərində BƏT-in 10-cu Avropa Regional İclası keçirilir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
25.09.2017

Azərbaycan nümayəndə heyəti BMT-nin Yaşlaşma üzrə Nazirlər Konfransında iştirak edib

Portuqaliyanın Lissabon şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının Yaşlaşma üzrə Nazirlər Konfransı keçirilib. Konfransda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Konfrans Yaşlaşma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının (YMBFP) və Planın Regional İmplementasiya Strategiyasının (RİS) həyata keçirilməsi üzrə 2012-ci ildən 2017-ci ilə qədər dövrün qiymətləndirilməsinə həsr olunub. Qiymətləndirmə hər beş ildən bir aparılır və bu dövr ərzində regionda bu sahədə həyata keçirilmiş fəaliyyətlərin, əldə olunmuş nailiyyətlərin və problemlərin müzakirəsi, yeni prioritetlərin müəyyən olunması üçün yüksək səviyyədə konfrans keçirilir.

Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli tədbir iştirakçılarına Azərbaycan Respublikasında əhalinin yaşlaşması sahəsində həyata keçirilən siyasət, əldə olunmuş nəticələr, aparılan islahatlar və perspektivlər haqqında məlumat verib. Çıxışda demoqrafik baxımından əhalinin cavan yaş strukturuna baxmayaraq, Azərbaycan hökuməti tərəfindən əhalinin yaşlaşma prosesinin gələcək çağırışlarına cavab vermək üçün davamlı addımlar atıldığı qeyd olunub. Hazırda əhalinin yaş strukturunda 65 yaş və yuxarı yaşda olanların payının 6,3 faiz təşkil etdiyi, 2050-ci ilə qədər isə bu rəqəmin 22 faizə çatmasının proznozlaşdırıldığı bildirilib. Bundan əlavə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına və Yaşlaşma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının prinsiplərinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti qurumları ilə birgə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanması, hazırda mövcud və perspektiv demoqrafik meyllər nəzərə alınmaqla yeni Məşğulluq Strategiyasının layihəsinin hazırlandığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Çıxışda qeyd olunub ki, Yaşlaşma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının əsas məqsədlərindən biri də silahlı münaqişələr zamanı yaşlıları qorumaq və dəstəkləməkdir. Qeyri-stabillik və zorakılıq sosial hüquqların təmin edilməsində ən böyük maneədir. Dünyanın bir çox yerlərində milyonlarlarla insan qaçqın və məcburi köçkünə çevrilir və bu ictimai rifahın təmin edilməsinə ciddi problemlər yaradır. Təəssüf ki, bu gün Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində ölkəmizin hər 10-cu sakini qaçqın və məcburi köçkündür, onlardan 30 faizi yaşlı əhalidir ki, onların da 70 faizi qadınlardır. Əlbəttə ki, bu işğal Azərbaycanda ahıl vətəndaşların sosial müdafiəsinin təşviq edilməsi sahəsində hökumət tərəfindən görülən tədbirlərin həyata keçirilməsini çətinləşdirir.

Tədbirin nəticəsi olaraq, BMT-nin Avropa İqtisadi Komissiyasının Yaşlaşma üzrə Dördüncü Konfransında Lissabon Bəyannaməsi qəbul olunub. Bəyannamədən irəli gələn prinsiplər ölkədə ahıl vətəndaşların sosial müdafiəsi və onların hüquqlarının qorunması sahəsində həyata keçirilən fəaliyyətlərdə nəzərə alınacaqdır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.