www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
25.09.2017

Azərbaycan və Tacikistan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüş olub.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verib. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunun hər bir vətəndaşın layiqli həyat və iş şəraitinin təmin olunmasına xidmət etdiyini vurğulayıb. Respublikamızda sosial cəhətdən həssas əhali qruplarının dövlət qayğısı ilə əhatə olunması, əmək və sosial müdafiə sisteminin müasir əsaslar üzərində qurulması  sahəsində görülən işləri qeyd edən S.Müslümov ötən ilin iyun ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin Tacikistan Respublikasına səfərini xatırladıb: “Həmin səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Tacikistan Respublikası Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi arasında əmək və əhalinin məşğulluğu sahəsində əməkdaşlıq haqqında Saziş” iki ölkə arasında əmək bazarının tənzimlənməsi və əhalinin məşğulluğu probleminin həlli, insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının məlumat sistemləri, aktiv əmək bazarı siyasəti, əməyin mühafizəsi və digər sahələrdə əməkdaşlıq imkanlarını xeyli genişləndirib. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmin sahələrlə bağlı bizim əlaqələrimiz mövcuddur”.

Nazir bildirib ki, son illərdə Azərbaycan əmək və sosial müdafiə sahələrində İKT-nin səmərəli şəkildə tətbiqinə nail olaraq bu sahədə mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilən  uğurlu iş təcrübəsinə nail olub. Aparılan islahatlar nəticəsində əmək müqavilələrinin qeydiyyatı, sosial sığorta, pensiya və müavinət, sosial yardım münasibətləri üzrə avtomatlaşdırılmış sistemlər, həmin sahələr üzrə şəffaflığa tam təminat verən elektron xidmətlər şəbəkəsi formalaşıb. Bu sahələrdə bizimlə təcrübə mübadiləsi aparmağa maraq göstərən ölkələrin sayı da artır və hesab edirəm ki, dost münasibətlərində olduğumuz Tacikistanla da belə təcrübə mübadilələrini həyata keçirə bilərik”.

Ölkəmizdə aktiv əmək bazarı proqramlarının səmərəliliyinin artırılması və daha geniş müstəvidə həyata keçirilməsinin dövlət məşğulluq siyasətinin prioritetlərindən olduğunu vurğulayan S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramından bəhs edib. O, əmək bazarında səmərəli vasitələrdən olan özünüməşğulluğun təmini sahəsində də respublikamızda artıq müsbət təcrübənin əldə olunduğunu bildirib: “1400 nəfəri əhatə edəcək bu proqram çərçivəsində artıq 960 nəfər işsiz və işaxtaran şəxsə fərdi təsərrüfatlarını və öz məşğulluqlarını, habelə gələcəkdə ailə bizneslərini formalaşdırmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib. Bizim hədəfimiz gələn ildən işsizlikdən sığorta sisteminin tətbiqi nəticəsində yaranan imkanlardan istifadə yolu ilə proqramın əhəmiyyətli şəkildə genişlənməsinə nail olmaqdır. Hesab edirəm ki, əməkdaşlığımızın bu sahəni, həmçinin peşə standartlarının hazırlanması və tətbiqi, əlilliyi olan şəxslərin reabilitasiyası və s. kimi sahələri də əhatə etməsi, müvafiq təcrübə mübadilələrinin aparılması üçün imkanlar vardır”.

R.Soliyev Azərbaycanda əmək və sosial müdafiə sistemində həyata keçirilən islahatların, bu islahatlarda yeni texnologiyaların geniş tətbiqinin, habelə aktiv əmək bazarı proqramları, özünüməşğulluğun təmini sahəsində görülən işlərin onda böyük maraq doğurduğunu diqqətə çatdırıb. O, iki ölkə arasında bütün sahələrdə, o cümlədən əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın  inkişaf etdirilməsi üçün öz səylərini göstərəcəyini vurğulayıb.

Görüşdə qeyd olunan sahələrlə bağlı əməkdaşlıq imkanları, qarşılıqlı təcrübə və məlumat mübadilələrinin təşkili və s. məsələlər müzakirə olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.