www.mlspp.gov.az
Azərbaycanca   English 19.08.2017 - cı il
Xəbər lenti

Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 73 473 manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib                    Cari ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 5 milyon 970 min 381 müraciət qeydə alınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
11.08.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhərində seminar-müşavirə keçirib

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu pensiya qanunvericiliyindəki yeni dəyişikliklərlə bağlı yerli qurumlarının əməkdaşları üçün izahat işlərini respublikamızın bölgələrində də davam etdirir. Bu məqsədlə Fond tərəfindən Gəncə şəhərində seminar-müşavirə keçirilib.
   Tədbirdə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhərinin Nizami və Kəpəz, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Goranboy, Samux, Göygöl, Daşkəsən, Naftalan, Xocalı, Kəlbəcər rayon şöbələrinin aidiyyəti sektorlarının əməkdaşları iştirak ediblər.
   Seminar-müşavirədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanının icrası ilə bağlı müvafiq tapşırıq və izahatlar diqqətə çatdırılıb.
   Vurğulanıb ki, pensiya qanunverciliyində  2017-ci il 1 iyul tarixdən qüvvəyə minən dəyişikliklər dövlət başçısının  2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq hazırlanıb qəbul edilib. Bu islahat pensiya sistemində sosial sığorta ilə əlaqəli olmayan öhdəliklərin ortadan qaldırılmasına, pensiya hüquqlarının yalnız adekvat sığorta təminatı əsasında formalaşmasına və sistemin maliyyə yükünün buna uyğun optimallaşdırılmasına xidmət edir.  
   Tədbirdə pensiya təminatı sistemində aparılan islahatlar barədə Dövlət Sosial Müdafiə Fondunun mütəxəssisləri tərəfindən təqdimat olub və slaydlar vasitəsilə bu islahatın mahiyyətinə dair dolğun məlumat verilib. “Əmək pensiyaları haqqında”  Qanuna edilmiş dəyişikliklərin tətbiqi barədə, o cümlədən 2017-ci il 1 iyul tarixədək təyin olunmuş əmək pensiyaları məbləğinin şərti çevrilməsinin, 2017-ci il 1 iyuladək istifadə olunmamış pensiya kapitalının yenidən hesablanmasının aparılması, pensiyaların indeksləşdirilərək artırılmasının yeni qaydası barədə seminar iştirakçılarına məlumat veriblər. Həmçinin pensiya öhdəliklərinin strukturu, yeni maliyyələşmə mexanizmi, öhdəliklərin fərqləndirilməsi, pensiya yaşının qanunvericilikdə nəzərdə tutulan qaydada artırılması, pensiya kapitalının formalaşması, yaşa görə pensiya hüququnun yaranması ilə bağlı izahatlar təqdim olunub. Yaşa görə pensiya məbləğinin hesablanması, 1-ci, 2-ci və 3-cü qrup əlilliyə görə pensiya hüququnun yaranması, işləyən yaşa görə pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydası, qulluq stajına görə əlavələrin təyinatı şərtlərindəki dəyişikliklər və s. barədə də məlumatlar verilib.
   Seminar-müşavirə iştirakçıların  suallarının cavablandırılması ilə davam edib.
   Qeyd edək ki, ilk belə seminar-müşavirə Dövlət Sosial Müdafiə Fondunun aparatında keçirilib. Tədbirdə Fondun Bakı şəhərinin rayon şöbələrinin, Sumqayıt şəhər, Qubadlı, Zəngilan, Şuşa, Xızı, Abşeron və s. rayon şöbələrinin əməkdaşlarına müvafiq tapşırıq və izahatlar verilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.