www.mlspp.gov.az
Azərbaycanca   English 23.07.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
14.07.2017

“Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” mövzusunda təşkil edilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri elan olunub (VİDEO)

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) “Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” mövzusunda təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub.

Müsabiqə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramının sosial-iqtisadi əhəmiyyətinin, habelə proqramın icrası nəticəsində işsiz və işaxtaran şəxslərin ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını quraraq özünüməşğulluq imkanlarına yiyələnmələri istiqamətində aparılan işlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması məqsədinə xidmət edib. 

Müsabiqənin nəticələrinin elan olunması ilə əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası dünyada narahatlıq doğuran proseslərin artdığı son dövrlərdə də Azərbaycanda dinamik iqtisadi artıma, eyni zamanda əmək bazarında müsbət meyllərin davam etməsinə imkan verib: “Ölkədə iqtisadi şaxələndirmənin sürətləndirilməsi, yeni sənaye zonalarının yaradılması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi nəticəsində yeni iş yerlərinin açılmasının daimi prosesə çevrilməsi əmək bazarında sabitliyə, işsizliyin aşağı səviyyədə saxlanmasına şərait yaradıb. Eyni zamanda dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü çərçivəsində həyata keçirilən aktiv məşğulluq tədbirləri əhalinin məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayır”.

S.Müslümov əmək resurslarının səmərəli məşğulluğunun təminatında dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamının yeni imkanlar açdığını diqqətə çatdırıb. Nazir bildirib ki, Sərəncama əsasən icra olunan özünüməşğulluq proqramı yerli və beynəlxalq praktikada həm sosial, həm iqtisadi baxımdan özünü uğurla doğruldan özünüməşğulluq amili əsasında dövlət məşğulluq siyasətinin daha da güclənməsinə səbəb olub. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyev bu proqramı yenilik, yeni təşəbbüs kimi qiymətləndirərək demişdir: “Bunun da çox böyük perspektivi və artıq yaxşı nəticələri var. Bu, özünüməşğulluq proqramıdır. Biz bu yaxınlarda bu proqrama start verdik. İlkin vəsaiti mən Prezidentin ehtiyat fondundan ayırdım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi treninqlər keçiribdir, ailələr müəyyən edilibdir. Artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir və tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın, özləri üçün yaxşı şərait yaratsınlar. Bu istiqamətdə qanunvericilikdə də müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər nəticəsində gələn ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz vəsaiti yaradılacaq və biz o vəsaitlə minlərlə ailəni özünüməşğulluq proqramı ilə əhatə edə bilərik. Mən hesab edirəm ki, birinci mərhələdə hər il 5-10 min ailə dövlətdən bu dəstəyi almalıdır. Əgər nazirliyin buna vəsaiti çatmasa müraciət etsinlər, mən əlavə vəsait ayıraram. Beləliklə, əgər biz hər il 5-10 min ailəni əhatə etsək, 5-6 faiz səviyyəsində olan işsizlik də aradan götürüləcək və ünvanlı yardıma da ehtiyac qalmayacaq”.

S.Müslümov hazırda işsiz və işaxtaran vətəndaşlar tərəfindən özünüməşğulluq proqramına böyük maraq olduğunu və işsizlikdən sığorta sisteminin tətbiqinin bu proqramı gələcəkdə daha geniş müstəvidə tətbiq etməyə imkan verəcəyini bildirib.

Nazir  qeyd edib ki, Sərəncamın icrasına hazırlıq işləri Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində mərhələli şəkildə həyata keçirilib: “Proqramda iştirak üçün müvafiq təlim kurslarını bitirmiş və biznes-planları uğurlu hesab edilən 1400 nəfər müəyyən olunub. Onlardan 322 nəfəri qadınlar, 303 nəfəri gənclərdir. Bu proqramdan əvvəl özünüməşğulluq üzrə icra olunmuş və uğurla nəticələnmiş iki pilot layihədən biri məhz əlilliyi olan şəxsləri əhatə etmişdi. Müsbət haldır ki, hazırkı özünüməşğulluq proqramında iştirak hüququ qazananlar sırasında da 51 nəfər əlilliyi olan şəxs var. Beləliklə, cari ilin fevralından uğurlu biznes-planlara malik işsiz və işaxtaran şəxslərin aktivlərlə təminatına başlanılıb. Artıq 810 nəfərə aktivlər (mal və materiallar) verilib. Onlar bu aktivlər hesabına ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurublar. Aktivlərin verilməsi prosesinin gələn ay yekunlaşdırılması planlaşdırılır”.  

S.Müslümov bildirib ki, özünüməşğulluğun təminatı ilə bərabər, ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına, qeyri-neft sahələrində istehsalın artımına və s. kimi mühüm hədəflərə doğru aparılan siyasətə əlavə dəstək olan bu proqram barədə ictimai məlumatlandırma da diqqətdə saxlanılır. Bu müsabiqə özünüməşğulluq proqramının icrası sahəsində aparılan işlərin jurnalistlərin maraq dairəsinə aid  mövzulardan olduğunu təsdiq edir. Respublika səviyyəli KİV-lərin əməkdaşları ilə bərabər, bölgələrdə fəaliyyət göstərən mətbu orqanların nümayəndələrinin də müsabiqəyə fərdi yazılarını təqdim etmələri, hətta müsabiqədə yer tutanlar arasında bölgə mətbuatında çalışan bir nəfər jurnalistin də olması sevindirici haldır. S.Müslümov milli mətbuatımızın yaranmasının 142-ci ildönümü ərəfəsində keçirilən bu tədbirin mətbuatımızın inkişafına bir dəstək xarakteri daşıdığını da qeyd edib, qarşıdan gələn 22 İyul-Milli Mətbuat Günü münasibəti ilə jurnalistlərə təbrikini və xoş arzularını çatdırıb.   

KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə xidmətlərin müasir və şəffaf iş üsulları üzərində qurulması üçün aparılan islahatların, aktiv məşğulluq proqramları çərçivəsində görülən işlərin KİV tərəfindən maraqla qarşılandığını və işıqlandırıldığını vurğulayıb. O, “Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” mövzusunda təşkil edilən müsabiqəyə 35  KİV-in əməkdaşları tərəfindən ümumilikdə 47 yazının təqdim edildiyini diqqətə çatdırıb. V.Səfərli ekspertlər tərəfindən həmin yazıların müəyyən edilmiş meyarlara (mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, ictimai maraqların müdafiəsi) uyğunluq baxımından obyektiv qiymətləndirildiyini bildirib.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində KİV-lə mütəmadi əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edib. Ə.Amaşov hazırda nəticələri elan olunan bu müsabiqənin mövzusunun cəmiyyət üçün maraq kəsb edən bir mövzuya - həm sosial, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyan özünüməşğulluq proqramına həsr olunduğunu bildirib. O, müsabiqənin jurnalistlərin bu mövzuda bilik və peşəkarlıq səviyyələrinin artırılmasında önəmli rol oynadığını vurğulayıb.

Daha sonra müsabiqənin nəticələri elan olunub. Müsabiqədə birinci yer üçün bir, ikinci yer üçün iki və üçüncü yer üçün üç yazının müəlliflərinə diplom və mükafatlar, 15 yazının müəlliflərinə həvəsləndirici mükafatlar təqdim edilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.