www.mlspp.gov.az
Azərbaycanca   English 21.09.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri ilə görüş olub                    Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
13.07.2017

“Məzun evi” Sosial Müəssisəsində gənclərin məşğulluğunun artırılması məqsədilə xalça və tikiş sexləri fəaliyyətə başlayıb (VİDEO)

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsində (Abşeron rayonu, Masazır kəndi) mənzillə təmin edilmiş valideyn himayəsindən məhrum gənclərin məşğulluğunun artırılması məqsədilə yaradılmış xalça və tikiş sexləri ilə tanışlıq olub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi və b. iştirak ediblər.

S.Müslümov vurğulayıb ki, dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması, burada yeni inşa olunmuş yaşayış binalarında onların mənzillə təmin olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısının və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsünün nəticəsidir:  “Son illərdə Heydər Əliyev Fondunun humanist təşəbbüsləri ilə həyata keçirilən böyük sosial əhəmiyyətli layihələrdən biri kimiburada hər biri 120 mənzilli iki yaşayış binası qeyd olunan kateqoriyadan olan gənclərin  istifadəsinə verilib. Onların hər birinə müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı, bütün lazımi məişət avadanlıqları ilə təmin olunmuş mənzillər təqdim edilib. Hazırda “Məzun evi” üçün daha bir 120 mənzilli yaşayış binasının da tikintisi aparılır. Sevindirici haldır ki, gənclər buraya köçürüldükdən sonra onların bir çoxu ailə də qurublar və indi burada yaşayanlardan 51 nəfəri ailəlidir. Həmin ailələrdə 50 nəfərə yaxın uşaq da böyüyür. Hazırda tikilən növbəti yaşayış binasında onlar üçün uşaq bağçası, binanın ətrafında isə məzunlar üçün idman kompleksi də olacaq. Bu ərazidə məktəbin tikilməsi də nəzərdə tutulub”.

Nazir qeyd edib ki, “Məzun evi”ndə yaşayan gənclərin yaşayışı daim diqqətdə saxlanılır, qarşılaşdıqları problemlərin həlli, cəmiyyətə fəal inteqrasiya olunmaları yönündə konkret tədbirlər görülür: “Gənclər buraya köçürüldükdən sonra ilk növbədə onların aktiv məşğulluq tədbirlərinə cəlb edilmələri, məşğulluqlarının təminatı istiqamətində müvafiq işlər görülüb. Müəssisədəki ştat vahidlərində, habelə ictimai-iaşə xidməti sahələrində elə burada yaşayan 20 nəfər gənc çalışır. Eyni zamanda “Məzun evi”ndən 30 nəfər gənc yaşıllaşdırma müəssisəsində, 25 nəfəri “Məzun evi” üçün tikilən növbəti binanın inşası işlərində, 10 nəfəri yaxınlıqda məcburi köçkünlər üçün yaşayış kompleksinin tikintisində, 6 nəfəri karton fabrikində işlə təmin olunub. Eləcə də digər bir sıra məzunların yaxın ərazilərdəki müxtəlif müəssisələrdə münasib işlərlə təminatı həyata keçirilib. Müsbət məqamlardan biri kimi, müəssisədəki gənclərdən bir qismi ali məktəblərdə təhsil alır. Ali məktəbləri bitirdikdən sonra ixtisaslı mütəxəssislər kimi onların əmək bazarına çıxışının dəstəklənməsi üçün  də zəruri işlər görüləcək”.

“Məzun evi”nin sakinlərinin məşğulluğunun təminatı işlərinin davam etdirildiyini vurğulayan S.Müslümov burada xalça və tikiş sexlərinin yaradılmasının da bu məqsədə yönəldiyini diqqətə çatdırıb. Xalça sexinin Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yaradıldığını qeyd edən nazir bu nəcib işə görə həmin təşkilata minnətdarlığını ifadə edib: “Xalça sexində 18 nəfər məzun, tikiş sexində isə 10 nəfər məzun işləyəcək. Yəni bu xalça və tikiş sexlərinin açılması ilə müəssisədəki gənclərdən daha 28 nəfərinin məşğulluğu təmin olunur. Həmin insanlar burada işə başlamazdan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xalçaçılıq və tikişçilik peşələri üzrə peşə hazırlığı kurslarına cəlb olunublar və işləyəcəkləri peşələrin sirlərini öyrəniblər”.

Nazir qeyd edib ki, yaxın vaxtlarda “Məzun evi”nin elə özündə bir sıra peşələr üzrə peşə hazırlığı kurslarının təşkil olunması da nəzərdə tutulub: “O da müsbət haldır ki, gənclər “Məzun evi”ndə doğma ailə kimi bir-biri ilə mehriban ünsiyyət şəraitində yaşayırlar, burada nizam-intizam qaydalarına daim ciddi riayət edirlər, hər hansı bir müəssisədə işlə təmin olunarkən də tapşırılan işləri məsuliyyət və işgüzarlıqla yerinə yetirirlər. Əminəm ki, yeni yaradılan xalça və tikiş sexlərində işlə təmin olunan gənclər öz işlərini səmərəli şəkildə quracaqlar, hər iki sexin fəaliyyəti uğurlu olacaq, istehsal həcmi daim artacaqdır. Burada yeni iş yerlərinin yaradılması, ümumən “Məzun evi”ndə yaşayan gənclərin öz firavan gələcəklərini qurmaları, onların hərtərəfli dəstəklənməsi üçün qarşıdakı dövrdə də məqsədyönlü işlər aparılacaq”.

Digər çıxış edənlər ölkəmizdə hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərin dövlət qayğısı ilə əhatə olunmaları, o cümlədən mənzillə təmin edilmələri, cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmaları üçün aparılan işlərin təqdirəlayiq olduğunu qeyd ediblər. Onlar “Məzun evi”nin yaradılmasının, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərin burada mənzillə təmin olunmalarının, onların özlərini cəmiyyətin layiqli üzvləri kimi doğrultmaları üçün həyata keçirilən kompleks tədbirlərin Azərbaycanda hər bir vətəndaşın Prezident qayğısı ilə əhatə olunmasının bariz nümunəsi olduğunu vurğulayıblar.

Xalça və tikiş sexlərində işlə təmin olunmuş gənclər kimsəsizlikdən əziyyət çəkməmələri və daim qayğı mühitində, firavan yaşamaları üçün görülən işlərə, həmçinin məşğulluqlarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. 

Daha sonra tədbir iştirakçıları “Məzun evi” Sosial Müəssisəsində yaradılmış xalça və tikiş sexləri ilə tanış olublar.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.