www.mlspp.gov.az
Azərbaycanca   English 21.09.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri ilə görüş olub                    Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
04.07.2017

Beynəlxalq Sosial Təminat Assosiasiyasında Azərbaycanda əmək və sosial müdafiə sahəsində aparılan islahatlar təqdim olunub

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazinin müavini İdris İsayev və nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Cenevrədə (İsveçrə) keçirilən 115-ci Büro iclasında, BSTA-nın 90 illiyinə həsr olunmuş simpoziumda və bu Təşkilatın 10 Avropa ölkəsinin, o cümlədən Azərbaycanın üzv olduğu Avropa Rəhbər Komitəsinin iclasında iştirak ediblər.
BSTA-nın Büro iclasında dünyada sosial təminat sahəsində inkişaf meylləri, habelə mövcud olan problemlərə dair müzakirələr aparılıb. Sosial sığorta sisteminin tətbiqində nailiyyətlər əldə edən ölkələrin bu sahədə uğurlu iş təcrübələri diqqətə çatdırılıb, BSTA-ya yeni üzvlərin cəlb olunması barədə təkliflər irəli sürülüb. Həmçinin ötən ay Azərbaycanın da Rəhbər Orqanına üzv seçildiyi Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə BSTA-nın əməkdaşlığına xüsusi önəm verildiyi vurğulanıb. İclasda BSTA-nın Üzvlük Haqları Komitəsinə üzvlərin seçkisi də keçirilib. İ.İsayev də BSTA-nın Üzvlük Haqları Komitəsinin üzvü seçilib ki, bu da BSTA ilə Azərbaycanın uğurlu əməkdaşlığına verilən önəmin əyani göstəricisidir.  
BSTA-nın yaradılmasının 90 illiyi çərçivəsində keçirilən simpozium isə “Rəqəmli iqtisadiyyatda sosial müdafiə” mövzusuna həsr olunub. Simpoziumda iqtisadiyyatda sosial təminatın roluna dair bir sıra məruzələr təqdim edilib.
Növbəti tədbir olan BSTA-nın Avropa Rəhbər Komitəsinin iclasında məruzə ilə çıxış edən İ.İsayev Azərbaycanda əmək və sosial müdafiə sahələrində müasir və operativ, səmərəli  idarəetmənin formalaşdırılması, xidmət sahələrinin şəffaflaşdırılması və “bir pəncərə” prinsipi üzərində qurulması üçün aparılan islahatları diqqətə çatdırıb. Nazir müavini bu sahələrdə yaradılan avtomatlaşdırılmış sistemlər, o cümlədən  Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi barədə ətraflı məlumatlar verib. O, ötən ay BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülən bu sistemin əmək bazarına nəzarətin operativ və səmərəli təşkili, bu sahə ilə bağlı dəqiq uçotun aparılması, vətəndaşların əmək və sosial hüquqların təminatına əsas yaratması və s. baxımından üstünlüklərini qeyd edib. Təqdim edilən məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
1927-ci ildə BƏT-in eqidası altında yaradılan BSTA bu gün dünyanın 159 ölkəsindən 322 sosial sığorta və sosial müdafiə təşkilatını özündə birləşdirən, dünyada  sosial təminata hərtərəfli dəstək üzrə qlobal kampaniyaya rəhbərlik edən beynəlxalq təşkilatdır. Təşkilat peşəkar rəhbərlik sənədlərinin hazırlanması, ekspert biliklərinin yayılması, xidmətlərin təqdim olunması və dinamik sosial təminat sistemlərinin, sosial siyasətin formalaşması sahələrində  dünyanın müxtəlif ölkələrində olan üzv təşkilatlarına dəstəyin göstərilməsi vasitəsilə sosial təminatın idarə olunması standartlarının yüksəldilməsinə şərait yaradır. O, həmçinin hər bir sosial müdafiə, sosial təminat təşkilatına ekskluziv cəmiyyətin üzvü olmaq imkanı yaradır, forumların keçirilməsi və ekspert şəbəkələrinin yaradılması yolu ilə əməkdaşlığa və təcrübə mübadiləsinə dəstək verir.
BSTA-ya üzv təşkilatların maliyyə vəsaitlərinin həcmi 6 trilyon ABŞ dollarından çoxdur. Üç milyondan çox insanın çalışdığı bu təşkilatlar dünyada 3 milyarddan artıq insana xidmət göstərirlər.
Xatırladaq ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu 2004-cü ildə BSTA-nın Pekində keçirilən Dünya Sosial Təminat Forumunda ilk dəfə, 2016-cı ilin noyabr ayında Panamada keçirilən Forumunda isə yenidən bu təşkilatın büro üzvü seçilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.