www.mlspp.gov.az
Azərbaycanca   English 21.09.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri ilə görüş olub                    Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
03.07.2017

Rusiya ilə pensiya təminatı sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərinə dair müzakirələr aparılır

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində pensiya təminatı sahəsində Azərbaycanla ikitərəfli əməkdaşlığın gələcək inkişafına dair müzakirələrin aparılması məqsədi ilə ölkəmizə səfərə gəlmiş Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüş olub.

Nümayəndə heyətinə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyinin Pensiya Təminatı Departamentinin direktor müavini Svetlana Komarova, Hüquq və Beynəlxalq Əməkdaşlıq Departamentinin şöbə müdiri Denis Korsakov, Rusiya Federasiyasının Pensiya Fondunun Pensiya Təyinatı və Ödənişinin təşkili Departamentinin rəis müavini Tatyana Pokladova, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Hüquq Departamentinin üçüncü sədri Mariyam Semenova və başqaları daxildir.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan və Rusiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.  Nazir müavini Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində hərtərəfli inkişafın təmin olunduğu ölkəmizdə multikulturalizmin bir elementi olaraq rus dilinin inkişafı və öyrədilməsinə geniş şərait yaradılması üçün görülən işləri diqqətə çatdırıb: “İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq əmək və əhalinin sosial müdafiəsi sahəsində də ildən-ilə genişlənir və inkişaf edir. Bu məqsədlə ötən dövrdə bir sıra sənədlər imzalanıb. Əmək miqrasiyası proseslərinin tənzimlənməsi, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, peşə standartlarının hazırlanması, əlilliyi olan şəxslərin reabilitasiyası, əlilliyin ekspertizası, işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı və s. sahələrdə nazirliklərarası fəal əməkdaşlıq əlaqələri vardır. Tərəflərin sosial sahəyə dair təşkil etdiyi elmi konfrans, seminar və s. tədbirlərdə qarşılıqlı iştirak təmin olunur”.

İ.İsayev möhtərəm dövlət başçısının tapşırıqlarına uyğun olaraq son illərdə əmək və sosial müdafiə sahələrində aparılan islahatlar, bu sahələrdə idarəetmə mexanizmlərinin və əhaliyə xidmətlərin müasir və çevik, şəffaf şəkildə qurulması üçün yaradılmış elektron sistemlər barədə ətraflı məlumat verib: “Bu sistemlərdən biri olan və artıq 3 ildən çoxdur ki, tətbiq edilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi ötən ay BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülüb. 2016-cı ilin sentyabr ayında Azərbaycana səfər edən Rusiya Federasiyası Hökumətinin sədr müavini xanım Olqa Qolodetslə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüş zamanı o, həmin sistemin yaradılması sahəsində ölkəmizin uğurlu təcrübəsinin öyrənilməsinə marağını ifadə edib. Bununla əlaqədar Rusiyanın müvafiq qurumu ilə təcrübə mübadilələri aparılıb”.

Sosial təminat sistemində aparılan islahatları diqqətə çatdıran nazir müavini 2006-cı ilin əvvəlindən Azərbaycanda tətbiq edilən beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya sistemindən bəhs edib, pensiya təminatı sahəsində mühüm addımların atıldığını, son 11 ildə  əmək pensiyasının baza hissəsinin 4,4 dəfə, əmək pensiyasının orta aylıq məbləğinin 6,4 dəfə artdığını diqqətə çatdırıb. İ.İsayev qeyd edib ki, vətəndaşların bazar iqtisadiyyatı şəraitində ortaya çıxacaq risklərdən müdafiəsində  onların özlərinin də iştirakına imkan yaradan bu sistemin daha da təkmilləşdirilməsi üçün bu ayın əvvəlindən pensiya qanunvericiliyində yeni dəyişikliklər qüvəyə minib. Bununla da pensiya təminatında sığorta prinsipləri daha da gücləndirilib və pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırılmış uyğunluğu təmin etməyə şərait yaranıb: “Rusiya ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün nəzərdə tutulan vacib istiqamətlərdən biri də pensiya təminatına aiddir. Bu sahədə əməkdaşlığı inkişaf etdirilməsi bizim ölkələrimizin vətəndaşlarının pensiya və digər sosial müdafiə hüquqlarının müdafiəsi baxımından xüsusi önəm kəsb edir. Hesab edirəm ki, Rusiya nümayəndə heyətinin bu səfəri zamanı aparılacaq birgə müzakirələr qeyd olunan sahədə uğurlu əməkdaşlığın formalaşmasına öz töhfəsini verəcək”.

S.Komarova və nümayəndə heyətinin digər üzvləri ötən dövrdə iki ölkə arasında əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, əmək miqrasiyası, aktiv əmək bazarı  proqramlarının hazırlanması, tibbi-sosial reabilitasiya, peşə hazırlığı və s. sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulayıblar. Onlar Rusiyada müvafiq sahələrdə, o cümlədən pensiya-sığorta sistemində həyata keçirilmiş islahatlardan bəhs edərək, pensiya təminatı sahəsində qarşılıqlı faydalı əməkdaşlığın formalaşacağına əmin olduqlarını, bunun üçün lazımi işlərin aparılacağını qeyd ediblər.

Nümayəndə heyətinin dörd gün davam edəcək səfəri çərçivəsində hər iki ölkənin pensiya-sığorta sistemlərinə dair təqdimatların edilməsi və bu sahədə gələcək əməkdaşlıq istiqamətlərinə dair müzakirələrin aparılması nəzərdə tutulur.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.