www.mlspp.gov.az
Azərbaycanca   English 27.07.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
07.06.2017

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında çıxış edib (VİDEO)

   Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrə şəhərində (İsveçrə Konfederasiyası) keçirilən 106-cı sessiyasında iştirak edir.  Nümayəndə heyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri daxildir.
   Sessiyanın plenar iclasında çıxış edən S.Müslümov strateji hədəflərin düzgün müəyyən olunmasının hər bir ölkədə inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri olduğunu vurğulayıb: “Əhalinin sosial rifahının yaxşılaşdırılması, işsizliyin azaldılması, gənclərin, qadınların və digər sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına inteqrasiyası, o cümlədən bacarıqların artırılması bu gün Azərbaycan Respublikasında sosial iqtisadi siyasətin əsas prioritetlərini təşkil edir. Qlobal maliyyə böhranının mənfi təsirlərinə baxmayaraq, iqtisadiyyatın liberallaşdırılması, səmərəli fiskal siyasət, o cümlədən güzəştli kreditlərin verilməsi, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması üzrə islahatlar son on ildə orta aylıq əməkhaqqını 3,3 dəfə, orta aylıq pensiyanı isə 4,7 dəfə artırmağa imkan vermiş, ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizliyin səviyyəsi isə 5 faizdən aşağı enmiş, 1,6 milyondan  çox yeni iş yeri açılmışdır”.
   Nazir BƏT-in 57 Konvensiyasına qoşulan Azərbaycanın beynəlxalq standartlara cavab verən milli əmək, məşğulluq və sosial müdafiə qanunvericiliyini formalaşdırdığını diqqətə çatdırıb. S.Müslümov bildirib ki, yeni çağırışlara uyğunlaşmaq,  iqtisadi siyasətin və islahatların davamlılığını, iqtisadiyyatın rəqabət qabiliyyətini, inklüzivliyini və sosial rifahın gücləndirilməsini təmin etmək məqsədilə ölkədə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri təsdiq edilib. O, həmçinin işsizlikdən sığorta sisteminin yaradılması ilə bağlı qanun layihəsinin hazırda ölkə parlamentində müzakirə olunduğunu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradıldığını diqqətə çatdırıb.
   Ölkəmizin BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğunu qeyd edən S.Müslümov Azərbaycanın demoqrafik baxımdan sabit inkişaf edən ölkə olduğunu vurğulayıb: “2006-2015-ci illər ərzində ölkədə əhalinin illik təbii artım tempi 1,3 faizə yaxın olmuşdur. Hazırda ölkədə doğulanların sayı ölənlərin sayını 3 dəfədən çox üstələyir. Demoqrafik baxımdan cavan yaş strukturuna malik Azərbaycanda 2015-ci ildə əhalinin ümumi yaş strukturunda 14-29 yaşda gənclərin payı 27% təşkil etmişdir. Gənclərin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son 5 il ərzində 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8%-dən 9,4%-ədək azalmışdır”.
   Nazir respublikada qadınların ictimai həyatın bütün sahələrində aktiv fəaliyyət göstərdiklərini,  muzdla işləyənlərin 48 faizinin, o cümlədən təhsil sahəsində muzdla işləyənlərin 76 faizinin, səhiyyədə 82 faizinin qadınlar olduğunu qeyd edib: “Hesab edirik ki, əhalinin məşğulluğunun  artırılması üçün kadr hazırlığı sistemi, o cümlədən peşə hazırlığı və əlavə təhsil sistemi dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılmalı, əmək ehtiyatları keyfiyyətcə yaxşılaşdırılmalı və onun rəqabət gücü artrıılmalıdır. Bu baxımdan peşə standartlarının hazırlanması və tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Son 5 il ərzində ölkəmizdə 350-dək peşə standartı hazırlanmış və işəgötürənlərin istifadəsinə verilmişdir”.
   S.Müslümov bildirib ki, peşə təhsili sisteminin inkişaf etdirilməsi, təhsil və əmək bazarı arasında kəmiyyət, keyfiyyət və gözləntilər baxımından mövcud olan uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilmiş, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb: “Ölkəmizdə müasir sosial müdafiə elementlərini özündə cəmləşdirən əhatəli və ünvanlı sosial müdafiə sistemi formalaşmışdır. Əmək və sosial müdafiə, tibbi-sosial ekpertiza və reabilitasiya sahələrində elektron texnologiyaların tətbiqi müasir və şəffaf xidmətlər sisteminin yaradılmasına imkan vermişdir. Pensiyaların təyinatı, əlilliyin qiymətləndirilməsi, ünvanlı dövlət sosial yardımının təyin olunması üzrə elektron sistemlər və əmək münasibətlərinin keyfiyyətcə çevik mərhələyə keçməsini təmin edən əmək müqavilələrinin elektron qeydiyyatı sistemi formalaşdırılmışdır”.
   BƏT-lə əməkdaşlıqdan bəhs edən  S.Müslümov bildirib ki, Təşkilatla  2016-2020-ci illər üçün əməkdaşlıq prioritetlərini müəyyən edən Layiqli Əmək üzrə ikinci Ölkə Proqramı imzalanıb. Proqram çərçivəsində “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2017-2030-cu illər)” layihəsi hazırlanıb, ölkədə əhalinin özünüməşğulluğunun artırılması üzrə birgə işlər aparılıb. Son 2 il ərzində Azərbaycan BƏT-in 13 müxtəlif mövzulu konfrans, seminar, təlim və digər beynəlxalq tədbirinə ev sahibliyi edib: “BƏT-in 2016-cı ilin dekabrında Moskvada keçirilmiş növbəti il üçün fəaliyyətin müəyyən edilməsi üzrə iclasında 51 Avropa ölkəsi sırasında Azərbaycan Respublikasının özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi və Üçtərəfli komissiyanın yaradılması sahəsində təcrübəsi nümunə kimi göstərilmiş və digər ölkələrə bu təcrübədən yararlanmaq tövsiyə edilmişdir”.
   Nazir BƏT-in 100 illik yubileyi ilə bağlı  Azərbaycanda beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə “Əməyin gələcəyi” üzrə milli səviyyədə müzakirələrin aparıldığını, bu müzakirələrin BƏT-in yüksək səviyyəli nümayəndlərinin iştirakı ilə keçirilən Konfransla yekunlaşdırıldığını diqqətə çatdırıb. “Hesab edirik ki, müasir dünyada  müxtəlif qlobal amillərin, o cümlədən demoqrafik və ətraf mühit dəyişikliklərinin əmək münasibətləri və sosial müdafiə sahəsinə yönələn təsirləri fonunda əmək bazarında sabitliyin qorunub saxlanılması,  hər bir şəxs üçün əlçatan sosial təminat sisteminin qurulması,  layiqli, təhlükəsiz və sağlam əməyin təmin olunması, qeyri-formal məşğulluğun aradan qaldırılması və digər sahələrdə çağırışlara cavab vermək üçün Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın gücləndirilməsi hər bir ölkə üçün zəruri və əhəmiyyətlidir”, deyə S.Müslümov çıxışının sonunda vurğulayıb.
      Daha sonra iclas sessiyanın gündəliyində dayanan məsələlərin müzakirəsi ilə davam edib.
Xatırladaq ki, tədbirin gündəliyinə BƏT-in Baş direktorunun və Rəhbər Orqanının sədrinin məruzələri, BƏT-in Konvensiya və Tövsiyələrinin icra vəziyyəti, “Sülh və istiqrar naminə layiqli əmək: Məşğulluqla bağlı (müharibədən sülhə keçid)” 1944-cü il tarixli, 71 nömrəli Tövsiyənin nəzərdən keçirilməsi daxildir. Sessiyada həmçinin BƏT-in 2008-ci ildə qəbul edilmiş “Dürüst qloballaşma naminə sosial ədalət haqqında” Bəyannaməsinə əsasən əmək sahəsində fundamental prinsip və hüquqların strateji hədəflərinə dair müzakirələrin aparılması, 2017-2020-ci illər üçün BƏT-in Rəhbər Orqanına seçkilərin keçirilməsi və s. nəzərdə tutulur. Azərbaycan Respublikasının da BƏT-in Rəhbər Orqanına üzvlüyə namizədliyi qeydə alınıb. Bununla əlaqədar hazırda Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin namizədliyinin dəstəklənməsi ilə bağlı görüşlər keçirilir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.