www.mlspp.gov.az
Azərbaycanca   English 25.11.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru ilə görüş olub                    Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
22.05.2017

Əmək və sosial müdafiə sahələrində Yaponiya ilə əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüş olub.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yaponiyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, ötən dövrdə iki ölkə arasında qarşılıqlı hörmət və dostluğa əsaslanan münasibətlərin formalaşdığını qeyd edib. Ölkəmizin sosial-iqtisadi inkişafı barədə səfirə məlumat verən nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu islahatlar kursunun dünyada mürəkkəb iqtisadi proseslərin mövcud olduğu son vaxtlarda da ölkəmizin dayanıqlı inkişafını, xüsusən qeyri-neft sektorunda dinamik artımı stimullaşdırdığını vurğulayıb: “Ötən il qeyri-neft sənayesində 5 faiz artımın əldə olunduğu respublikada 2017-ci ilin yanvar-aprel aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,8 faiz artmışdır. Bu sahənin inkişafı əmək bazarı üçün də vacib amildir. Son 13 ildə milli iqtisadiyyatda payı 70 faizə çatan bu sektorun mütəmadi genişlənməsi yeni iş yerlərinin açılması, işsizliyin 5 faizə enməsi ilə müşahidə olunub”.

Azərbaycanda aparılan iqtisadi islahatların sosialyönümlü olduğunu qeyd edən S.Müslümov sosial rifah halının yaxşılaşdırılması, əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb: “Bununla yanaşı, son illərdə əmək, sosial təminat, əlilliyin qiymətləndirilməsi sahələrində müasir texnologiyaların tətbiqi geniş vüsət alıb. Həmin sahələr avtomatlaşdırılmış infrastruktur üzərində qurulmaqla, əhaliyə xidmətlərin müasirləşdirilməsinə və şəffaflaşdırılmasına, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığına  nail olunub. Hazırda da nazirliyin digər fəaliyyət istiqamətləri üzrə bu proses davam etdirilir. Müasir texnologiyalar ölkəsi olan Yaponiyanın aidiyyəti qurumları ilə bu sahədə əməkdaşlıq, hesab edirəm ki, məqsədəuyğun olardı”.

Ötən dövrdə Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının xətti ilə ölkəmizdə  icra olunan müxtəlif layihələrin sosial infrastrukturun təkmilləşdirilməsi, insan resurslarının inkişafı baxımından əhəmiyyətini qeyd edən S.Müslümov belə layihələrdən birinin Azərbaycanda reabilitasiya xidmətinin yaxşılaşdırılması məqsədilə icra edildiyini bildirib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə həmin Təşkilatın reallaşdırdığı layihə çərçivəsində hələ 2002-2003-cü illərdə nazirliyin bir sıra bərpa mərkəzlərinin müasir tələblərə cavab verən tibb və reabilitasiya avadanlıqları ilə təchizatı həyata keçirilmişdir. Həmçinin Yaponiyanın qabaqcıl tibb universitetlərinin alimləri  tərəfindən bərpa mərkəzlərinin əməkdaşları üçün treninqlər təşkil olunmuş, eləcə də reabilitasiya sahəsində çalışan ayrı-ayrı mütəxəssislər Yaponiyada ixtisasartırma kurslarında iştirak edərək, bilik və peşəkarlıq  səviyyələrini artırmışlar”. Nazir son illərdə ölkədə reabilitasiya sisteminin ən yüksək standartlar səviyyəsində qurulduğunu bildirib, əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılması sahəsində fəaliyyət mexanizmlərinin daha səmərəli təşkili sahəsində Yaponiya ilə təcrübə mübadiləsinin aparılmasının önəmli ola biləcəyini diqqətə çatdırıb.

S.Müslümov həmçinin əmək bazarının tənzimlənməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, inkluziv əmək bazarının inkişafı, özünüməşğulluğun təmini, peşə standartlarının hazırlanması, əməyin təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsində müasir texnologiyalardan istifadə və s. sahələrdə Yaponiya ilə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib.

T.Katori Azərbaycanın dinamik inkişaf edən bir ölkə olmasından, respublikamızda bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahələrində də mühüm uğurların əldə olunmasından məmnunluğunu ifadə edib. Azərbaycan-Yaponiya əlaqələrinin dost münasibətləri üzərində getdikcə genişləndiyini vurğulayan T.Katori iki ölkə arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığın formalaşdırılması və inkişafı üçün də onun tərəfindən müvafiq işlərin görüləcəyini qeyd edib.

Görüşdə Azərbaycan və Yaponiya arasında əmək və sosial müdafiə, məşğulluq, reabilitasiya və s. aidiyyəti fəaliyyət sahələrində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.