www.mlspp.gov.az
Azərbaycanca   English 19.08.2017 - cı il
Xəbər lenti

Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 73 473 manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib                    Cari ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 5 milyon 970 min 381 müraciət qeydə alınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
19.05.2017

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şəmkir rayonunda 5 rayonun sakinləri ilə görüşüb (VİDEO)

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şəmkir rayonunda bu rayonun və Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinlərini  fərdi qaydada qəbul edib.

Müraciətlər imtiyazlı şəxslərin mənzillə və reabilitasiya vasitələri ilə təmin edilməsi, müxtəlif sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, əmək qanunvericiliyi, sığorta-pensiya münasibətləri, bərpa müalicəsinə köməklik göstərilməsi, aktiv əmək bazarı proqramlarına cəlb olunma və s.  məsələlərlə bağlı olub. Vətəndaşların qeyd olunan məsələlərlə bağlı müraciətlərinin bir hissəsi sorğu xarakteri daşıyıb və müvafiq mövzularda onlara qanunvericiliyə uyğun şəkildə ətraflı izahatlar verilib. Digər müraciətlərdə əksini tapan məsələlərin isə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılması və cavablandırılması, ayrı-ayrı məslələrin həlli ilə əlaqədar konkret tədbirlərin görülməsi  təmin edilib.

S.Müslümov vətəndaşlarla görüşdə imtiyazlı şəxslərin mənzillə təminatı işlərinin davam etdirildiyini bildirib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin  2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2015-2016-cı illərdə və bu ilin ötən dövründə 600 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təmin edilib. Həmçinin bu dövrdə Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarında 35-dək fərdi yaşayış evi inşa olunaraq  Qarabağ müharibəsi əlili və şəhid ailələrinə təqdim olunub. Hazırda bu rayonlarda daha 15 fərdi ev də inşa olunur ki, onlardan bir qismində artıq son tamamlama işləri aparılır.  Bu beş rayon üzrə növbədə olan digər Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün də evlərin tikintisi nəzərdə tutulur”.

İşlə təmin edilmək üçün müraciət edən vətəndaşların və onların ailə üzvlərinin məşğulluq məsələsi də yerindəcə araşdırılıb. Onlara yaşadıqları ərazi üzrə münasib olan vakant iş yerləri təklif olunub və seçimləri əsasında peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər verilib. S.Müslümov bildirib ki, aqrar sahənin inkişafının stimullaşdırılması məqsədilə görülən tədbirlər, eləcə də son illərdə Şəmkirçay və Tovuzçay su anbarlarının istismara verilməsi, Ağstafa rayonunda sənaye parkının fəaliyyətə başlaması,  Şəmkirdə aqroparkın yaradılması işləri və s. bu bölgədə kənd təsərrüfatının inkişafına, nəticədə ənənəvi kənd təsərrüfatı sektorları üzrə əmək tutumlu sahələrin genişlənməsi ilə məşğulluq imkanlarının artmasına imkan yaradıb: “Bu proseslərlə paralel olaraq, aktiv məşğulluq tədbirləri də davam etdirilir və bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 29 137 nəfər şəxsin məşğulluğu təmin edilib. O cümlədən son 4 ayda nazirliyin məşğulluq orqanlarının xətti ilə Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarında 1 634 nəfərin münasib iş yerləri ilə təminatı həyata keçirilib. Özünüməşğullluq proqramı bu 5 rayonu da əhatə edir. Həmin rayonlar üzrə işaxtaran və işsiz kimi qeydiyyatda olan və özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslər də müvafiq təlim kurslarına cəlb ediliblər. Kursları bitirənlər sırasından Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonları üzrə  102 nəfərin biznes-planları uğurlu hesab edilib və hazırda onlara öz təsərrüfatlarını, ailə bizneslərini qurmaları üçün aktivlərin alınıb verilməsi məsələləri həyata kecirilir”.

Müraciətlərinə uyğun olaraq, ayrı-ayrı vətəndaşların nazirliyin reabilitasiya müəssisələrinə bərpa-müalicəsinə qəbul edilməsi, müxtəlif protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin olunmaları, əmək bazarında rəqabətqabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, eləcə də sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasına cəlb edilmələri  və s. barədə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verilib.

Vətəndaşlarla görüşdə S.Müslümov bu gün artıq əmək münasibətləri, sosial yardım təyinatı, əlilliyin qiymətləndirilməsi, sığorta-pensiya sistemlərinin bütünlüklə avtomatlaşdırılmış infrastruktur üzərində fəaliyyət göstərdiyini vurğulayıb: “Beləliklə də, həmin sahələrdə dövlət xidmətləri əhaliyə elektron qaydada, şəffaf şəkildə təqdim edilməklə, məmur-vətəndaş kontaktları sıfıra endirilib. Bunun nəticəsidir ki, vətəndaşlarla belə görüşlərdə biz artıq xidmət sahələrində məmur-vətəndaş münasibətlərindən irəli gələn şikayət xarakterli müraciətlərlə çox az qarşılaşırıq, əksinə, vətəndaşlar xidmətlərin bu cür şəffaf şəkildə qurulmasından məmnunluqlarını ifadə edirlər”.

Qəbula gələn vətəndaşlar ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün aparılan islahatların uğurlu nəticələrindən, xüsusən bu islahatlar zamanı sosial rifah amilinin ön planda saxlanmasından, sosial məsələlərin həlli istiqamətində atılan mühüm addımlardan, habelə kənd rayonları əhalisinin məşğulluq imkanlarının artırılmasına yönələn kompleks tədbirlərdən məmnunluqla bəhs edərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.