www.mlspp.gov.az
Azərbaycanca   English 21.11.2017 - cı il
Xəbər lenti

Yeni Azərbaycan Partiyasının əsas ideyası olan sosial dövlət prinsipi sosial ədalətin bərqərar edilməsini vacib şərtə çevirmişdir                    Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsi istiqamətində tərəfdaş ölkələrlə təcrübə mübadiləsi aparılır

İctimaiyyətlə əlaqələr / Xəbərlər
17.05.2017

Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi mötəbər beynəlxalq müsabiqədə E-məşğulluq kateqoriyası üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemlərindən biri olan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi daha bir beynəlxalq uğur qazanıb. BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən elan olunmuş “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsində Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən biri olub.
   BTİ beynəlxalq telekommunikasiyanın nizamlanmasına, standartlaşdırılmasına, uzlaşdırılmasına və inkişafına, eyni zamanda bu sahədə dövlətlərin siyasətinin uyğunlaşdırılmasına cavabdehdir. Hazırda 193 ölkənin üzv olduğu BTİ-yə həmçinin bir sıra İKT tənzimləyiciləri, aparıcı elmi institutlar və 700-ə yaxın texnoloji şirkət daxildir.
   Müsabiqəyə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ayrı-ayrı qurumları tərəfindən təqdim olunmuş  elektron sistemlərə dair ümumilikdə 467 layihə ekspertlər qrupu tərəfindən nəzərdən keçirilib. Onlardan 345 elektron layihə uğurlu hesab edilərək müsabiqədə iştirak etməyə buraxılıb. Ümumilikdə 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə nəticəsində  nominasiyaların hər biri üzrə ən çox səs toplayan ilk 5 layihə müəyyən olunub və həmin  layihələrdən ibarət 90 “Çempion layihə” seçilib. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi müsabiqənin “Çempion layihə”lər siyahısına daxil edilib.
   Cari ilin iyun ayında İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçiriləcək “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2017” tədbirində  90 “Çempion” layihədən 18 “Qalib layihə” (yəni  hər nominasiya üzrə 1 qalib) elan olunacaq və BTİ-nin Baş Katibi tərəfindən “Çempion” və “Qalib” layihələrlə bağlı mükafatlar təqdim ediləcək. Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyətinin də iştirakı nəzərdə tutulur. Nümayəndə heyəti həmçinin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin İcmalı və Davamlı İnkişaf Məqsədləri üzrə “Ümumdünya Kafesi” tədbirində də iştirak edəcəkdir.
   Qeyd edək ki, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi bundan əvvəllər də mötəbər beynəlxalq təşkilatlar tərəfindən müasir texnologiyaların fəaliyyət və xidmətlər sferasında uğurlu tətbiqinin bariz nümunəsi kimi dəfələrlə yüksək dəyərləndirilib. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər elektron sistemləri ilə yanaşı, Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi də qabaqcıl təcrübə nümunəsi kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalına daxil edilib və təbliğ olunur. Bu informasiya sistemləri, o cümlədən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemini öyrənərək tətbiq etməyə, bu məqsədlə ölkəmizlə təcrübə mübadiləsi aparmağa maraq göstərən ölkələrin də sayı getdikcə artır.
   2014-cü ilin iyulundan istifadəyə verilən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron müstəvidə rəsmiləşdirilərək şəffaflaşdırılmasına, əmək bazarına nəzarətin çevik və səmərəli təşkilinə, əmək münasibətlərinin dolğun və obyektiv uçotunun aparılmasına imkan verib. Tətbiqinə başlanıldığı ilk gündən “Elektron hökumət” portalında geniş istifadəçi auditoriyasına malik olan bu sistemə cari ilin 01 may tarixinədək 8 milyona yaxın müraciət olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.