www.mlspp.gov.az
Azərbaycanca   English 23.07.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
12.05.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İslam Ölkələrinin Statistika, İqtisadiyyat və Sosial Tədqiqat Mərkəzi arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb (VİDEO)

Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru Musa Kulaklıkaya ilə görüş olub.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müasir və demokratik bir ölkə olan, beynəlxalq münasibətlər sistemində fəal rol oynayan Azərbaycanın islam ölkələri ilə qarşılıqlı faydalı əlaqələrini də inkişaf etdirdiyini vurğulayıb: “İslam Əməkdaşlıq Təşkilatının (İƏT), İSESKO-nun, müsəlman ölkələrini birləşdirən digər təşkilatların üzvü olan Azərbaycan həmişə İslam həmrəyliyinə mühüm töhfələrini verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması da İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın mövqeyinin güclənməsinə yönəlib. Eyni zamanda, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi İslam ölkələri arasında birliyin və həmrəyliyin möhkəmlənməsi kimi vacib bir məqsədə xidmət edir”.

Nazir İslam ölkələri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, məşğulluq, sosial müdafiə sahəsində də əlaqələrin formalaşması və genişlənməsində İƏT-in önəmli rolunu qeyd edib: “Prezident cənab İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, İƏT-in mərkəzi qərargahı Bakı şəhərində olmaqla Əmək Mərkəzinin yaradılması bu əməkdaşlıqda yeni inkişaf mərhələsinə yol açacaq.Mərkəzin Nizamnaməsi artıq təsdiq edilib. İƏT-ə üzv dövlətlərin Əmək Nazirləri Konfransının Rəhbər Komitəsinin ötən ay Cakartada (İndoneziya) keçirilən ikinci iclasında da bu məsələ gündəlikdə olub. İclasda qəbul edilmiş yekdil qərara əsasən, üzv dövlətlərin Əmək Nazirlərinin bu ilin noyabrında Səudiyyə Ərəbistanında təşkil olunacaq 4-cü konfransında həmin Nizamnamənin imzalanması mərasiminin keçirilməsi və Əmək Mərkəzi ilə bağlı təqdimatların edilməsi nəzərdə tutulub”.

  S.Müslümov ötən dövrdə İslam ölkələrində statistika, iqtisadi və sosial sahələrdə mövcud vəziyyətlərin təhlili, təcrübələrin və texniki məlumatların mübadiləsi sahəsində SESRİC-in gördüyü işləri yüksək dəyərləndirib. O, həmçinin bu qurumun “İƏT-in Potensialının gücləndirilməsi” proqramı çərçivəsində İƏT-ə üzv ölkələrdə, o cümlədən Azərbaycanda əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində aktual mövzularda həyata keçirdiyi təlim proqramlarının əhəmiyyətini diqqətə çatdırıb: “İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin fəaliyyətinin uğurlu təşkilində də SESRİC-lə qarşılıqlı əməkdaşlığa xüsusi önəm veriləcək”.

Son 13 ildə ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlərdən bəhs edən S.Müslümov bu dövrdə 3,4 dəfə iqtisadi artımın əldə edildiyini, əhalinin gəlirlərinin 7,9 dəfə, orta aylıq əmək haqqının 6,4 dəfə artdığını, 1,7 milyondan çox yeni iş yerinin yaradıldığını, işsizliyin 5 faizə, yoxsulluğun isə qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı olmaqla 5 faizə endiyini qeyd edib. Nazir Azərbaycanda müsbət demoqrafik proseslərin davamı olduğunu, ötən il ölkə əhalisinin sayının daha 104,4 min nəfər və ya 1,1 faiz, cari ilin əvvəlindən isə 13,7 min nəfərə yaxın, yaxud 0,1 faiz artaraq 2017-ci il mart ayının 1-i vəziyyətinə 9 823 667 nəfərə çatdığını bildirib.

Demoqrafik inkişaf meyllərinə uyğun şəkildə yeni uzunmüddətli Məşğulluq Strategiyasının hazırlandığını diqqətə çatdıran S.Müslümov son illərdə əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya  sahələrində aparılan islahatlar barədə də məlumat verib. O, qeyd edilən sahələr üzrə avtomatlaşdırılmış sistemlər (Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi) üzərində müasir və şəffaf idaretmə mexanizmlərinin və xidmətlərin formalaşdığını vurğulayıb. Nazir bildirib ki, bu gün ayrı-ayrı ölkələr bu mütərəqqi sistemlərlə bağlı Azərbaycanın təcrübəsini öyrənməyə maraq göstərirlər: “İslam ölkələri ilə də müvafiq sahələrdə elektron texnologiyaların tətbiqi üzrə təcrübə mübadilələrinin aparılması faydalı olardı. Bu sahədə, habelə insan kapitalının inkişafı, əmək resurslarının rəqabət qabiliyyətinin artırılması, əmək bazarı proqramlarının hazırlanması və səmərəli icrası, əmək münasibətləri və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün SESRİC-in fəaliyyəti müstəvisində də imkanlar nəzərdən keçirilə bilər”.

M.Kulaklıkaya Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsində fəal rolunu yüksək dəyərləndirib, İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılmasının İslam ölkələrinin əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. O, rəhbəri olduğu təşkilatın fəaliyyət sahələri, icra etdiyi proqramlar barədə məlumat verib. M.Kulaklıkaya SESRİC-in İƏT-in Əmək Mərkəzi ilə daim sıx əməkdaşlıqda fəaliyyət göstərəcəyini, əmək və sosial müdafiə sahələrində əlaqələrin gələcəkdə genişləndirilməsinin vacibliyini, bunun üçün onlar tərəfindən müvafiq işlərin görüləcəyini  diqqətə çatdırıb.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və  SESRİC arasında gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.