www.mlspp.gov.az
Azərbaycanca   English 21.11.2017 - cı il
Xəbər lenti

Yeni Azərbaycan Partiyasının əsas ideyası olan sosial dövlət prinsipi sosial ədalətin bərqərar edilməsini vacib şərtə çevirmişdir                    Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsi istiqamətində tərəfdaş ölkələrlə təcrübə mübadiləsi aparılır

İctimaiyyətlə əlaqələr / Xəbərlər
05.05.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib (VİDEO)

   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib.
Tədbirdə  əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb ki, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti Vətənə və xalqa sonsuz bağlılıq hissinin parlaq nümunəsi olmaqla, mənəvi kamilliklə siyasi müdrikliyin bütövlüyünü təcəssüm etdirir: “1970-80-ci illərdə respublikamızı keçmiş ittifaq məkanında bütün sahələrdə inkişafına görə qabaqcıl respublikalar sırasına çıxaran Ulu öndərimiz Heydər Əliyev hələ həmin vaxtlarda Azərbaycanın müstəqil gələcəyi üçün hərtərəfli potensialın yaradılmasını təmin etmişdir. 1993-cü ildə xalqın iradəsi ilə respublika rəhbərliyinə qayıtdıqdan sonra da Ulu öndərimiz müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf etidirilməsi kimi mühüm və şərəfli tarixi vəzifəni yüksək səviyyədə həyata keçirmişdir”.
   Nazir bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti müstəqilliyin ilk illərindən respublikada baş verən xaos və anarxiya elementlərinin qısa müddətdə aradan qalxmasına, dərinləşən sosial-iqtisadi böhranın qarşısının alınmasına imkan verib. Bu mühüm amillər, eyni zamanda Ermənistanla müharibədə atəşkəsin əldə olunması, 1994-cü ildə milli iqtisadiyyatın perspektiv inkişafına yol açan “Əsrin müqaviləsi”nin imzalanması 1995-ci ildən müstəqil Azərbaycanın sabit və uzunmüddətli inkişaf yoluna çıxmasına şərait yaradıb: “Artıq 1996-cı ildə ümumdaxili məhsulda 1,2 faiz artıma, o cümlədən aqrar islahatların müsbət nəticəsi kimi, kənd təsərrüfatında istehsalın 3 faiz çoxalmasına, Azərbaycanın iqtisadiyyatına investisiyaların 80 faiz, xarici sərmayənin 2 dəfə artmasına, əvvəllərdə yüksək olan inflyasiyanın 1 faizdən də aşağı enməsinə  nail olundu. Növbəti ildə, yəni  1997-ci ildə isə ümumdaxili məhsulda artım 5,3 faizə yüksəldi. Beləliklə, bu artım dinamikası hər il davam edərək 2003-cü ildə artıq  11 faiz, istehsal sahələrində ümumi artım isə 13 faiz təşkil etmişdi. İqtisadi inkişafın real göstəricisi kimi, 1994-cü ildə müqayisədə 2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 17 dəfə artmışdı”.
   S.Müslümov bildirib ki, bazar iqtisadiyyatı münasibətlərinə keçid şəraitində Ulu öndərimiz Heydər Əliyevin əhalinin sosial risklərdən müdafiəsini milli inkişafda ön plana çıxarması, bu məqsədlə bütün zəruri tədbirləri görməsi ölkədə müasir dövlət quruculuğunun, iqtisadi inkişaf strategiyasının ilk növbədə sosial ədalət prinsipi üzərində formalaşmasına səbəb olub: “Bunun əyani təzahürü kimi, mütəmadi xarakter alan iqtisadi artım dinamikası sosial müstəvidə də hər il mühüm addımların atılması ilə müşahidə edilib. Ümumilikdə 1995-2003-cü illərdə respublikada pensiya və müavinətlərin orta aylıq məbləğinin  8 dəfə, orta aylıq əmək haqqının 6 dəfədən çox artmasına nail olunmaqla, məşğulluq səviyyəsi də ildən-ilə yüksəlib”.
   Nazir mühüm sosial proqramlara, o cümlədən əlil və şəhid ailələrinin dövlət büdcəsi hesabına mənzillə təminatı, bərpa-müalicəsi sisteminin ölkənin regionları üzrə genişləndirilməsi və s. işlərə başlanmasının da Ulu öndərimizin adı ilə bağlı olduğunu qeyd edib: “2003-cü ildən ötən dövrdə ümummili liderimiz Heydər Əliyevin müdrik siyasi kursunun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən dünyada və regionda baş verən proseslər nəzərə alınmaqla, praqmatik əsaslar üzərində uğurla davam etdirilməsi respublikanın dinamik inkişaf yolunda yeni möhtəşəm nailiyyətlər əldə etməsinə  şərait yaradıb. 2003-2016-cı illər ərzində ümumdaxili məhsul istehsalının 8,4 dəfə artdığı, 1,7 milyon yeni iş yerinin yaradıldığı ölkəmizdə xüsusən qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf təmin olunur. Milli iqtisadiyyatın artıq 70 faizini təşkil edən bu sektorda hətta qlobal iqtisadiyyatda kəskin böhranın hökm sürdüyü şəraitdə də artım davam edir. Təkcə bu ilin ilk rübündə qeyri-neft sektoru 2,4 faiz, o cümlədən kənd təsərrüfatı 3,5 faiz, ölkənin valyuta ehtiyatları isə 1 milyard dollar çoxalıb”.
   S.Müslümov bildirib ki, Prezident cənab İlham Əliyevin sosial inkişaf kursunun mühüm uğurları olaraq, qeyd olunan dövrdə orta aylıq əmək haqqı 6,4 dəfə, cari ilin yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artıb. Ümumən son 13 ildə əhalinin gəlirləri 7,9 dəfə, cari ilin ilk rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çoxalıb: “Eyni zamanda, 2006-cı ildən ölkəmizdə müasir sığorta pensiya sisteminin tətbiqindən irəli gələn imkanlar və müvafiq sosial müdafiə tədbirləri ötən dövrdə pensiyaların orta aylıq məbləğinin 6,4 dəfə, bu ilin ilk rübündə isə ilin əvvəli ilə müqayisədə 5,3 faiz artması ilə nəticələnib. Digər sosial təminat növlərində - sosial müavinət və  Azərbaycan Prezidentinin müvafiq təbəqələrdən olan vətəndaşlar üçün aylıq təqaüdlərində də dəfələrlə artım özünü göstərib”.
   Nazir dövlət başçısının müəyyən etdiyi vəzifələrə uyğun olaraq, son illərdə ölkənin əmək və sosial müdafiə,  tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron texnologiyalar üzərində qurulmasını mühüm nailiyyətlərdən biri kimi qeyd edib: “Bu innovativ mexanizmlər bizə müasir, şəffaf idarəetmə və xidmətlər sistemi formalaşdırmağa imkan verib. Bu gün nazirliyin fəaliyyət sahələri üzrə 30-a yaxın elektron xidməti əhalinin istifadəsindədir”. S.Müslümov bildirib ki, Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və  Prezident cənab İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi müstəqil Azərbaycanın uzunmüddətli inkişaf strategiyası gələcəkdə də dövlət müstəqilliyimizin daim möhkəmlənməsinə, ölkəmizin iqtisadi qüdrətinin artmasına,  sosial firavanlığın təminatına yönələn yeni və qürurverici uğurların əldə olunmasına imkan verəcək.
   Toplantıda digər çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olması, respublikamızın sosial-iqtisadi və mədəni inkişafı naminə  misilsiz xidmətlərindən bəhs ediblər. Onlar Ulu öndərimizin işıqlı xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.
   Tədbir ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələri arasında təşkil olunan mini-futbol və şahmat turnirlərinin qaliblərinə fəxri fərmanların və mükafatların verilməsi ilə davam edib. Daha sonra opera ustalarının ifasında konsert proqramı təqdim olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.