www.mlspp.gov.az
Azərbaycanca   English 25.11.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru ilə görüş olub                    Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
05.05.2017

Effektiv sosial müdafiə strategiyasının banisi

Heydər Əliyevin vətəndaşın rifahını iqtisadi tərəqqinin əsas məqsədinə çevirən sosial inkişaf doktrinası Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilir

Ötən əsrin sonlarında xalqımızın yenidən qovuşduğu müstəqilliyin ilk illərində bir dövlət kimi varlığımızı sual altına qoyan böyük təhlükələrin meydana çıxması, xaos və vətəndaş qarşıdurması, xain erməni qonşularımız tərəfindən törədilən mənfur etnik təmizləmə və təcavüz siyasəti, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu, onilliklər ərzində təşəkkül tapmış iqtisadi münasibətlər sisteminin çökməsi ilə üzləşən ölkəmizdə idarəolunmaz vəziyyət, ağır sosial durum, ictimai həyatın bütün sferalarına sirayət edən dərin böhran hökm sürürdü. 
Tariximizin bu çətin və keşməkeşli dönəmində ölkənin ərazi bütövlüyünə, dövlət təhlükəsizliyinə olan ciddi təhdidlərə sinə gərilərək sovuşdurulması, respublikanı uçuruma sürükləyən daxili çəkişmələrin dəf edilməsi, beynəlxalq arenada xalqımıza və dövlətimizə qarşı yaranmış informasiya blokadasının yarılması fövqəladə aktuallıq kəsb edirdisə, fundamental transformasiya prosesləri şəraitində müasir hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, sosial-iqtisadi münasibətlər sisteminin liberal bazar prinsipləri əsasında tamamilə yeni məcrada təşkili kimi mürəkkəb vəzifələr də həyati zərurətə çevrilmişdi.
Məhz belə bir ekstremal şəraitdə xalqın tələbi ilə hakimiyyətə gələn böyük düha sahibi Heydər Əliyevin siyasi müdrikliyi, zəngin idarəçilik təcrübəsi, xilaskarlıq və quruculuq missiyası bu taleyüklü vəzifələrin sürətli həlli üçün qətiyyətli addımların atılmasına, çoxvektorlu fəaliyyət planının gerçəkləşdirilməsinə imkan verdi.
Həmin dövrdə qarşıda duran mühüm vəzifələrdən biri də kəskin aktuallaşan sosial müdafiə məsələlərinin ağır tənəzzül dövrünün ciddi çətinlikləri və məhdud imkanları müstəvisində həlli ilə bağlı idi. Belə bir mürəkkəb şəraitdə hansısa sosial müdafiə sisteminin qurulması barədə düşünmək belə çətin idi və əsas diqqət əhalinin daha çox ehtiyacı olan kateqoriyalarının müxtəlif müavinətlər, güzəştlər, kompensasiyalar, təqaüdlər verilməsi yolu ilə ilkin ehtiyaclarının təmin edilməsinə yönəldilirdi. Başqa sözlə, total transformasiya şəraitində sosial sferada yeni modelin formalaşdırılmasından deyil, yalnız mövcud vəziyyətdən çıxış imkanlarından söhbət gedirdi.
Bunu nəzərə alan ulu öndərin qısamüddətli perspektivdə müəyyən etdiyi prioritet vəzifələr sosial sferada real vəziyyətin diaqnostikası, ən aktual problemlərin aşkar edilməsi, mövcud maliyyə və təşkilati imkanlar nəzərə alınmaqla əhalinin gəlirlərinin diferensiallaşması və cəmiyyətin təbəqələşməsinin daha da güclənməsinin qarşısının alınması, bu gəlirlərin tərkibində kəskin deformasiyaların aradan qaldırılmasına, eləcə də ifrat yoxsulluğun miqyasının aşağı salınmasına köklənmişdi. Beləliklə, ümummilli lider Heydər Əliyev ölkədə əvvəlki illərdə formalaşmış dövlət sosial təminat qaydalarının keçid dövründə də davam etdirilməsi ilə əhalinin maddi ehtiyaclarının aradan qaldırılması prinsipini müəyyən etdi və bu, aztəminatlı vətəndaşların bazar iqtisadiyyatına keçidin doğurduğu çətinliklərdən qorunmasında vacib rol oynadı.
Lakin bütün bunlarla yanaşı, Heydər Əliyev sosial sferaya, əhalinin gəlirlərinin formalaşmasına milli dövlət quruculuğu və tərəqqi kontekstində daha geniş bucaq altında və uzunmüddətli perspektivdən yanaşır, texnoloji yüksəliş və insan kapitalının inkişafı rakursunda sosial modernləşməni ölkənin müasirləşdirilməsi prosesinin vacib elementi kimi qiymətləndirir, bu sahədə hədəflənən gələcək strategiyanın dərin elmi əsaslara, mövcud reallıqlar və qlobal miqyasda əsas inkişaf meyillərinin uzaqgörən təhlilinə söykənən paradiqmal konturlarını cızırdı.
Bir tərəfdən sosial siyasətin məqsəd və vəzifələrinin, bunun ictimai inkişaf prosesinin prioritetlərinə uyğunluğunun müəyyənləşdirilməsi, yeni sosial strategiyanın beynəlxalq təcrübə, milli xüsusiyyətlər, dövlət tənzimləməsinin özəllikləri nəzərə alınmaqla müasir konseptual yanaşmalar əsasında formalaşdırılması, digər tərəfdən isə sovet dönəminə aid sosial institutların hüquqi və təşkilati mexanizmlərinin, maliyyələşmə qaydasının köklü şəkildə dəyişdirilməsi tələb olunurdu.
Eyni zamanda bu yöndə fəaliyyətin düzgün təşkilinə, sosial sahənin məzmun və spesifikasına, müasir inkişaf bazisinin formalaşmasına sürətli, davamlı və çoxşaxəli təsir göstərən kompleks amillər sisteminin hərtərəfli qiymətləndirilməsi və nəzərə alınması da mühüm aktuallıq kəsb edirdi.
Birincisi, XXI əsrin astanasında meydana çıxan qlobal çağırışlar hər bir fərdin, onun şəxsiyyətinin, milli təhlükəsizlik sisteminin inkişafını, bu məqsədlə azad şəraitin yaradılmasını, layiqli və keyfiyyətli həyat səviyyəsinin təmin edilməsini dövlət və cəmiyyətin qarşısında prioritet vəzifələrə çevirirdi.
İkincisi, postsənaye cəmiyyətinin və bilik iqtisadiyyatının təşəkkül tapmasının, sürətli texnoloji yüksəlişin obyektiv reallığa çevirdiyi modern inkişaf prosesi yüksəkixtisaslı işçi qüvvəsinin təkrar istehsalı baxımından nəinki maddi, həm də mənəvi ehtiyacların təmin olunmasını vacib edirdi. Bu əsasda spesifik iqtisadi mexanizmlərin tətbiqi yolu ilə insanın cəmiyyətdəki rolunu və sosial statusunu əhəmiyyətli şəkildə artırmaq xüsusi aktuallıq kəsb edirdi.
Üçüncüsü, vətəndaşın özünü reallaşdıra bilməsi, həyati vacib ehtiyaclarının təmin edilməsi, mürəkkəb və diferensiallaşmış sosial sistem kimi bütöv cəmiyyətin məqsədlərinin formalaşdırılması, dəstəklənməsi və möhkəmləndirilməsi, bütün bunların həyata keçirilməsi yönündə zəruri resursların səfərbər olunması üçün hüquqi, iqtisadi, siyasi və mədəni əsasların yaradılmasının təşəbbüskarı və zəmanətçisi kimi yalnız güclü dövlət çıxış edə bilərdi.
Dördüncüsü, kardinal dəyişikliklər mərhələsində cəmiyyətin sosial-iqtisadi inkişafı kimi uzunmüddətli mürəkkəb vəzifələrin həlli ölkədəki mövcud iqtisadi potensialın təhlilinə, məqsəd və hədəflərin dəqiq müəyyənləşdirilməsinə və buna nail olmaq üçün əsaslandırılmış strategiyanın hazırlanmasına söykənirdi. Uzunmüddətli perspektivə hesablanmış sosial strategiyanın ilkin dayaq nöqtəsi kimi məhz iqtisadi inkişaf modelinin seçilməsi çıxış edir. Sosial-iqtisadi böhranın dərinləşməsi, bu əsasda əhalinin gəlirlərinin kəskin şəkildə aşağı düşməsi son nəticədə istehlakın azalmasına, ödəmə qabiliyyətli tələbin düşməsinə gətirib çıxarır ki, bu da iqtisadi inkişafı əngəlləyərək, dövlətin gəlirlərinin azalmasına, sosial proqramların reallaşdırılması imkanlarının məhdudlaşmasına səbəb olur. Sosial sferada geriləmə isə, öz növbəsində, iqtisadi və siyasi dəyişikliklərin sürətinə və perspektivliyinə mənfi təsir edir.
Beşincisi, sosial siyasət konsepsiyasının ana xəttini vətəndaşlara öz rifahını və sosial statusunu gücləndirmək imkanı yaratmaq ideyası təşkil edir. Bazar iqtisadiyyatı şəraitində əhalinin sosial müdafiəsinin prioritet forması kimi sığorta prinsipinə əsaslanan və iqtisadi fəallığı təşviq edən sosial təminat çıxış edir ki, bu da vətəndaşın üzləşə biləcəyi sosial risklərin səmərəli idarə olunmasında və mənfi nəticələrinin minimallaşdırılmasında ilk növbədə məhz onun özünün məsuliyyətini nəzərdə tutur. Bu konseptual prinsipin həyata keçirilməsinə isə aşağıdakı tələblərin yerinə yetirilməsi ilə nail olunur:

- əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasının işgüzar fəallığın artması ilə uzlaşdırılmaqla həyata keçirilməsi;
- cəmiyyətin inkişafı üçün vacib təşviq mexanizmi kimi gəlir və istehlakın iqtisadi fəaliyyət 
- əticəsindən asılı olaraq yol verilən diferensiallaşma səviyyəsinin təmin edilməsi;
- sosial sahədə dövlətin balanslaşdırılmış iştirak səviyyəsini tənzimləmək məqsədilə sosial xərclərin optimal həddinin gözlənilməsi.

Altıncısı, dövlət mühüm sosial funksiyalarından biri kimi gəlirlərin formalaşdırılması üzrə tədbirlər vasitəsilə əhalinin güzəranına, ev təsərrüfatlarının istehlakçı, əmanətçi, eləcə də işçi qüvvəsinin təchizatçısı qismində davranışlarına təsir edir. Bu yöndə sosial-iqtisadi siyasətin mühüm istiqamətləri yoxsulluğun miqyasının azaldılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün imkanların yaradılması, əmək fəaliyyəti üçün zəruri şəraitin yaradılması, işçilərin peşə bacarıqlarının təkmilləşdirilməsi və digər məşğulluq tədbirləri, insan kapitalının inkişafı, sosial infrastruktur sistemi vasitəsilə xidmətlərin göstərilməsi, əhalinin gəlirlərinin sosial müdafiə sistemi vasitəsilə dəstəklənməsi ilə bağlıdır.
Yeddincisi, bəllidir ki, sosial siyasətin reallaşdırılması, bir qayda olaraq, iri həcmdə vəsaitlərin sərf olunmasını tələb edir. Sosial inkişafın hər bir istiqaməti üzrə əhəmiyyətli maliyyə resurslarının ayrılması vacibləşir və sosial siyasətin miqyası genişləndikcə, daha iddialı sosial hədəflər götürüldükcə, bunun həyata vəsiqə alması üçün tələb olunan kapitalın həcmi də xeyli artır. Lakin sosial siyasətə sərf olunan kapital qoyuluşlarına nəticə etibarilə ictimai rifahın ən məhsuldar sərmayəsi kimi baxılmalıdır. Çünki qlobal sosial-iqtisadi gündəliyin xüsusi aktuallıq kəsb edən mövzularından biri kimi inkişaf paradiqmasının dəyişməsinin başlıca mahiyyəti əsas diqqətin iqtisadi inkişaf templərindən insanın sabit inkişafı məsələsinə yönəldilməsi və bu təməl prinsip üzərində cəmiyyətin yeni məqsədlərinin müəyyənləşdirilməsidir. Bu yanaşma belə bir ideyaya söykənir ki, “iqtisadiyyat insanın inkişafı üçündür, insan iqtisadiyyatın inkişafı üçün deyildir”. Bu hadisə bütün dünyanı insanın tələbatına öz yanaşmasını dəyişməyə, eləcə də sosial siyasətdə dəqiqləşdirmələr aparmağa vadar edir. Bu baxımdan məhz insan kapitalı təbii resurslardan və ya sərvətlərdən daha vacib olan dəyərli resurs kimi, habelə iqtisadi inkişafın, onun rəqabət qabiliyyətinin və səmərəliliyinin əsas şərti kimi nəzərdən keçirilir.
Qeyd edilənlərdən irəli gələrək, ulu öndərin vətəndaşın rifahını tərəqqinin əsas məqsədinə çevirən sosial inkişaf doktrinası uzunmüddətli perspektivdə yüksək sosial hədəflərə şərait yaradan ölkənin iqtisadi potensialının tam reallaşdırılacağı dövrə hesablanan aşağıdakı kompleks vəzifələrin həllini nəzərdə tuturdu:

- cəmiyyətdə sosial ədalətin təmin edilməsi, sosial qeyri-bərabərliyin zəiflədilməsi, hər kəsə iş yeri və yaxud digər gəlir mənbəyinə malik olmaq imkanının yaradılması, habelə vətəndaş üçün əlverişli həyat mühitinin formalaşdırılması;
- ölkədə bütünlükdə yoxsulluqla mübarizənin gücləndirilərək yoxsulluq göstəricisinin əhəmiyyətli şəkildə aşağı salınması ilə bərabər, əhalinin gəlirlərinin ehtiyac meyarı ilə müəyyən edilən bəlli bir gəlir səviyyəsinin üstünə çıxarılmasına yönəlik sosial siyasət tədbirlərinin həyata keçirilməsi;
- hər bir fərdə insan potensialının formalaşması və inkişaf etdirilməsi sahəsində bərabər imkanların yaradılması;
- sosial risklərin doğurduğu mənfi təsirlərin neytrallaşdırılmasına imkan verən etibarlı sosial müdafiə sisteminin formalaşması;
- əsas istehlak və xidmət növlərinə əhalinin əlçatanlığının təmin edilməsi;
- əhalinin gəlirlərinin eyni zamanda iqtisadi inkişafın bərpası və dəstəklənməsi proseslərinin katalizatoru kimi mühüm rolunun dəstəklənməsi.

Bu əsasda ölkədə yeni sosial müdafiə modelinin qurulması istiqamətində respublikanın ümumi iqtisadi tərəqqisi prosesi ilə uzlaşdırılmaqla mərhələli şəkildə köklü islahatlara start verildi. Bütünlükdə bu islahatlar sistem xarakterli dəyişikliklər yolu ilə əhalinin sosial müdafiəsinin sosial və iqtisadi səmərəliliyin vəhdətinə əsaslanan yeni institusional formatda fəaliyyətini nəzərdə tuturdu.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə sosial müdafiəyə xas olan bütün elementləri özündə cəmləşdirən əhatəli və ünvanlı sosial müdafiə sistemi formalaşmışdır. Ötən dövr ərzində bu sahədə ciddi islahat tədbirləri həyata keçirilmiş və sosial müdafiə sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində əsaslı nailiyyətlər qazanılmışdır.
Azərbaycanda həyata keçirilən sosial siyasət ölkədə etibarlı sosial müdafiə sisteminin formalaşmasına, əhalinin müxtəlif təbəqələrinin, xüsusilə də aztəminatlı ailələrin və sosial cəhətdən həssas insanların həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaratmışdır. Bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkə kimi seçilir və həssas əhali qruplarına münasibətdə Azərbaycan dövlətinin mövqeyi qlobal miqyasda ən humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb edir.
Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, ölkənin sosial müdafiə sistemi geniş əhatəliyə malikdir və yoxsulluğun azaldılmasında mühüm rol oynamaqla yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edir və bu sistem vasitəsilə ödənilən pensiyalar, müavinətlər və sosial yardımlar həmin əhali təbəqəsinin gəlirlərinin artırılmasında mühüm rol oynayır. 2006-cı ildən ölkədə müasir əsaslarla fəaliyyət göstərən sosial müdafiə sistemi vasitəsilə üç ayrı istiqamət üzrə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailənin 546 min nəfər üzvü isə ünvanlı sosial yardım alır və bu insanlara nazirliyin yerli orqanlarının xətti ilə hər ay 316,3 milyon manat vəsait ödənilir.
Bu etibarlı sistemin birinci istiqaməti üzrə bazar iqtisadiyyatı şəraitində sosial risklərdən sığorta prinsipi əsasında səmərəli qorunma mexanizmini özündə ehtiva edən, sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya sistemi vasitəsilə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyaları ödənilir.
Sosial müdafiənin digər ayrıca istiqaməti kimi dövlət büdcəsindən maliyyələşdirilən sosial müavinətlər sistemi fəaliyyət göstərir. Bu müavinətlər əmək pensiyası almaq hüququ olmayan şəxslərə verilir və onların yaşayışını minimal səviyyədə təmin etmək və ya hansısa istiqamət üzrə konkret ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.
Əhaliyə sosial ödənişlər sistemində tamamlayıcı amil qismində üçüncü istiqamət üzrə isə aztəminatlı əhalinin minimum maddi tələbatının ödənilməsinə yönəldilən ünvanlı dövlət sosial yardım proqramı həyata keçirilir. Dövlət büdcəsindən maliyyələşdirilən və aztəminatlı əhalinin gəlirlərinin ehtiyac meyarı ilə müəyyən olunan bəlli bir gəlir səviyyəsinin üzərinə çıxarılmasını nəzərdə tutan bu yardım sosial qeyri-bərabərliyin azaldılması, həmin əhali kateqoriyalarının istehlak və xidmətə əlçatanlığının artırılması üçün reallaşdırılan mühüm sosial müdafiə tədbiridir.
Qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının rolu və onun cəmiyyətin inkişafında əhəmiyyəti artmaqdadır. Bu texnologiyalar iqtisadiyyatda stimullaşdırıcı faktorla yanaşı cəmiyyətin müxtəlif sahələrində, o cümlədən sosial sahədə də sabitliyin və şəffaflığın yaranmasına şərait yaradır.
Bu əsasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün fəaliyyət istiqamətləri üzrə müasir texnologiyalar və innovativ yeniliklərin geniş tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə söykənən kompleks tədbirlər həyata keçirilir ki, bu da sosial sferada modernləşməni, habelə uzunmüddətli maliyyə dayanıqlığı əsasında etibarlı sosial müdafiəni təmin etməyə imkan verir. Eyni zamanda nazirliyin sosial cəhətdən həssas əhali kateqoriyaları ilə işində qeyd olunan mühüm texnoloji innovasiyalar təbii olaraq əhaliyə göstərilən xidmətlərin elektron müstəvi üzərindən təşkili imkanlarını genişləndirmiş və bu əsasda nazirliyin böyük sosial tələbə malik 30-dək elektron xidməti istifadəyə verilmişdir. 
Cari ilin birinci rübündə “Elektron hökumət” portalı vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən 2 milyon 607 min dəfə istifadə olunmuşdur ki, bu da ölkə üzrə bu portal vasitəsilə bütün elektron xidmətlərdən istifadənin 52,6 faizini təşkil edir.
İqtisadiyyatın sosialyönümlü inkişafında məşğulluq amilinin ön planda saxlanılması, aztəminatlı ailələr üçün passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçid, hər bir əməkqabiliyyətli ölkə vətəndaşının səmərəli məşğulluq imkanlarına malik olmasına şərait yaradılması Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikanın sosial-iqtisadi inkişaf modelini formalaşdıran siyasətinin əsas prioritetlərindən biridir. Nəticədə ölkənin əmək ehtiyatlarından dolğun istifadə, əhalinin məşğulluğu dövlətin sosial firavanlığın təminatına yönələn siyasət kursunun aparıcı bir sahəsi kimi formalaşaraq, ölkədəki iqtisadi inkişaf proseslərinin və islahatların səmərəlilik göstəricisi kimi çıxış edir. Bunun əməli təsdiqi kimi iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi şəraitində əməktutumlu sahələrin yaradılması, iri infrastruktur layihələrinin icrası, özəl sektorun, xüsusən kiçik və orta sahibkarlığın genişlənməsinə yönələn investisiya fəallığının, digər tərəfdən, regionların inkişafının hərtərəfli dəstəklənməsi ölkədə yeni iş yerlərinin açılmasını daimi prosesə çevirib. Ümumilikdə son 13 il ərzində qeyri-neft iqtisadiyyatının genişləndirilməsi şəraitində 1,5 milyondan çox yeni iş yerinin yaradıldığı ölkəmizdə əmək bazarında sabitliyə və işsizliyin 5 faizədək azaldılmasına nail olunub.
Dövlət məşğulluq siyasətinin bütün istiqamətlər üzrə gücləndirilməsi çərçivəsində əmək bazarı proqramlarının genişləndirilməsi, ölkədə ailə biznesinin inkişaf etdirilməsi baxımından dövlət başçısının 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı ilk dəfə ölkəmizdə dövlət səviyyəsində icra edilən proqram mühüm əhəmiyyətə malikdir. İcrasına start verilmiş bu özünüməşğulluq proqramına ölkə üzrə təqribən 1400-dən çox ailə cəlb olunub ki, bu məqsədlə 6 milyon manat vəsait ayrılıb. Hazırda praktik icra mərhələsində olan bu proqram təkcə məşğulluğun təminatı məqsədinə deyil, həm də kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib.
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə bu sahədə ayrıca sosial sığorta sisteminin tətbiqi və bu əsasda adekvat maliyyə təminatının formalaşması nəticəsində ölkə üzrə məşğulluq tədbirlərinin əhəmiyyətli şəkildə genişləndirilməsi nəzərdə tutulur.
Ölkəmizdə iqtisadiyyatın rəqabətqabiliyyətliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasına yönəlik genişmiqyaslı islahatlar, aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi şəraitində əmək münasibətlərinin səmərəli tənzimlənməsi, bu münasibətlər sisteminin iştirakçılarının hüquq və təminatlarının effektiv müdafiəsi, adekvat nəzarət mexanizmlərinin tətbiqi layiqli əmək konsepsiyasının uğurla reallaşdırılması istiqamətində qarşıda duran prioritet vəzifələrdəndir. Bu baxımdan Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı mühüm sosial-iqtisadi əhəmiyyətə malikdir və sərəncamla nəzərdə tutulan tədbirlərin icrası əmək münasibətləri sferasında meydana çıxan aktual məsələlərin konseptual diaqnostikası və həlli, eləcə də bu sahədə inzibatçılığın qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi üçün vacib önəm daşıyır.
Beləliklə, ölkə həyatının bütün sahələrində əldə olunan mühüm nailiyyətlər, o cümlədən sosial sferada da çevik idarəçilik, əhatəlik, səmərəlilik, şəffaflıq və ünvanlılıq prinsiplərinə söykənən mütərəqqi sosial müdafiə sisteminin qurulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir dövlət quruculuğu fəlsəfəsinin uğurla gerçəkliyə çevrildiyini göstərir. Ulu öndərin milli inkişaf modelinin qloballaşma proseslərinə və müasir dövrün reallıqlarına uyğun şəkildə reallaşdırılmasının nəticələrindən biri kimi formalaşan bu sistem dünyada maliyyə-iqtisadi böhranın mövcud olduğu indiki dövrdə də respublika əhalisinin etibarlı sosial müdafiəsini təmin etməyə imkan verir.

 

Səlim MÜSLÜMOV,
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri,
iqtisad elmləri doktoru, professor

"Azərbaycan" qəzeti, 05.05.2017

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.