www.mlspp.gov.az
Azərbaycanca   English 23.09.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri ilə görüş olub                    Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
27.04.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar tədbir keçirilib

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması. Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə nazirliyin,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT), ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə BƏT-in təşəbbüsü ilə 2003-cü ildən etibarən 28 Aprel gününün Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edildiyini, əsas məqsədin iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimaiyyətinin diqqətinin artırılması olduğunu vurğulayıb: “BƏT-in statistikasına əsasən,  hər il dünyada istehsalat qəzalarının təxminən 2,34 milyon nəfər insanın həlak olmasına, 160 milyondan çox insanın peşə xəstəliyinə məruz qalmasına, digər tərəfdən, bu qəzaların dünya üzrə ÜDM-in 4%-nin, yaxud 2,8 trln. ABŞ dollarının itirilməsinə səbəb olduğunu nəzərə aldıqda, əməyin təhlükəsizliyi məsələsinin vacibliyi bir daha aydın olur”.

F.Əlizadə Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında “Hər kəsin təhlükəsiz və sağlam işləmək hüququnun təsbit olunduğunu, sonralar qəbul edilmiş Əmək Məcəlləsində, eləcə də müvafiq normativ-hüquqi aktlarda əməyin mühafizəsi ilə bağlı hüquqi əsasların formalaşdığını diqqətə çatdırıb. Xidmət rəisi Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ilk növbədə ölkə vətəndaşının sosial firavanlığının, hər bir insanın layiqli iş və yaşayış şəraitinin təmin olunması məqsədinə xidmət etdiyini  vurğulayıb.

Əmək Məcəlləsinin 207-239-cu maddələrinin əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə aid olduğunu diqqətə çatdıran F.Əlizadə qeyd edib ki, Məcəllənin bu maddələrinə uyğun olaraq,  texniki təhlükəsizlik, əməyin gigiyenası, sanitariya, müalicə-profilaktika məsələlərinə dair çoxsaylı qanunvericilik aktları da qəbul edilib: “Əmək Məcəlləsində təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə iş yerlərinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik işəgötürənin üzərinə qoyulur. Lakin əməyin mühafizəsi ilə bağlı qanunvericilikdən irəli gələn tələblərə əməl olunmasına, eyni zamanda əməyin mühafizəsi üzrə xidmətin yaradılmasına bəzi işəgötürənlər tərəfindən bir sıra hallarda biganə münasibət özünü göstərir. Bu biganə münasibət istehsal qəzalarının baş verməsinə və həmin qəzalar nəticəsində işçi insanların həyatını və ya sağlamlığını itirməsinə səbəb olur. Cari ilin ilk rübündə də Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb ki, həmin bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb. Təhqiqat işləri aparılarkən bu qəzaların da məhz əməyin mühafizəsi tələblərinin yerinə yetirilməməsi səbəbindən baş verdiyi müəyyən olunub. Ona görə də hər bir işəgötürən  əməyin mühafizəsinin idarə olunması məsələsinə xüsusi diqqət yetirməlidir”.

Əməyin mühafizəsi sahəsində işəgötürənlərin, habelə işçilərin vəzifələri barədə məlumat verən F.Əlizadə bildirib ki, qabaqcıl dünya təcrübəsinə əsasən, müəssisədə əməyin mühafizəsinin yüksək səviyyədə təşkili sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bərabər, əməyin səmərəliliyinin artırılmasında, keyfiyyətli məhsul istehsalında da vacib şərtlərdən biri kimi qəbul olunub: “Əməyin mühafizəsinin təmin olunması və istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün ilk növbədə işəgötürənlər tərəfindən işə cəlb olunmuş bütün işçilərlə bağlanmış əmək müqavilələrinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilməsi təmin olunmalıdır.  MDB məkanında ilk dəfə olaraq 2014-cü ilin iyul ayında Azərbaycanda tətbiqinə başlanılan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi əmək hüquqlarının təminatına dövlət nəzarəti sahəsində müasir,  çevik və şəffaf idaretmə mexanizmi formalaşdırmaqla, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məsələlərinə də nəzarət imkanı verir”.

Xidmət rəisi işəgötürənlər tərəfindən əməyin mühafizəsi ilə bağlı görülməsi zəruri olan digər tədbirləri də diqqətə çatdırıb: “İşəgötürənlər zərərli və ağır sahələrdə qadın və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin qadağan olunması, bütün peşə və vəzifələr üzrə  vəzifə və texniki təhülıkəsizlik qaydaları barədə təlimatların hazırlanması və işçilərin tanış edilməsi, iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, normal əmək və istirahət şəraitinin yaradılması tədbirlərinin görülməsini təmin etməlidirlər. Onlar eyni zamanda yüksək təhlükə potensiallı iş sahələrində (həmçinin təhlükə yarana biləcək iş sahələrində) işə başlanmazdan əvvəl işin təhlükəsiz aparılmasına cavabdeh vəzifəli şəxs tərəfindən nəzarət-buraxılış verilməsi və onun icrasına daimi nəzarət edilməsi, işçilərin əməyin mühafizəsi və texniki  təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, mütəmadi olaraq işçilərin bununla bağlı biliklərinin yoxlanması, istehsalatda bədbəxt hadisələr zamanı zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi barədə işçilərə xüsusi təlimatların keçilməsi, işçilərin ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçirilməsi, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsindən icbari sığorta edilməsi, iş yerlərinin texniki təhlükəsizlik, yanğın və elektrik təhlükəsizliyi nişanları ilə təchiz olunması, işçilərin xüsusi iş geyimləri və fərdi mühafizə vasitələri ilə təmin edilməsi, həmçinin fərdi mühafizə vasitələrindən istifadə olunmasına xüsusi nəzarət edilməsi və s. kimi zəruri tədbirləri görməlidirlər”. 

F.Əlizadə qeyd edib ki, bu ilki Ümumdünya Əməyin Mühafizəsi Gününün mövzusu “Əməyin mühafizəsinə dair məlumatların toplanmasının və istifadəsinin optimallaşdırılması.Profilaktika mədəniyyətinin möhkəmləndirilməsi”dir: “BƏT tərəfindən bu mövzunun müəyyən olunması da təsadüfi deyil, çünki iş yerlərində peşə risklərinin qiymətləndirilməsində, istehsalatda baş verən bədbəxt hadisələrin və qəza hallarının qarşısının alınmasında əməyin mühafizəsinə dair məlumatların toplanması xüsusi önəm kəsb edir”.

Xidmət rəisi Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar bu ay sosial tərəfdaşlarla birgə əməyin mühafizəsi məsələləri ilə bağlı keçirlən tədbirlər, habelə ötən dövrdə əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsi ilə bağlı işəgötürənlər arasında aparılan maarifləndirmə işləri barədə də məlumat verib.

Tədbirdə AHİK sədrinin müavini Cavanşir Alxasov istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və normalara riayət olunması sahəsində həmkarlar təşkilatları tərəfindən görülən işləri və qarşıda duran vəzifələri diqqətə çatdırıb. ASK-nın vitse-prezidenti Vüqar Zeynalov iş yerlərində əməyin mühafizəsi norma və standartlarına əməl olunması ilə bağlı Konfederasiyanın işəgötürənlərlə apardığı işlərdən bəhs edib. BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev əməyin təhlükəsizliyinin  təmin olunması ilə bağlı BƏT Konvensiyalarından irəli gələn tələbləri diqqətə çatdırıb, Təşkilatın bu sahədə səyləri daim dəstəklədiyini vurğulayıb. Ayrı-ayrı işəgötürənlərin nümayəndələri onlara məxsus müəssisələrdə əməyin təhlükəsizliyinin təmin olunması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində görülən işlərə dair təqdimatlarla çıxış ediblər.

Tədbirdə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat qəzalarının  qarşısının alınması sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub, bu sahədə fəaliyyətin daha səmərəli təşkili ilə bağlı təkliflər ifadə edilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.