www.mlspp.gov.az
Azərbaycanca   English 27.07.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
12.04.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Əmək Nazirləri Konfransının Rəhbər Komitəsinin ikinci iclasında iştirak edib

   10 aprel 2017-ci il tarixində Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Əmək Nazirləri Konfransının Rəhbər Komitəsinin ikinci iclası keçirilib. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətitədbirdəiştirak edib. İclasda Rəhbər Komitənin 2014-cü ilin 17-18 iyun tarixlərində Bakı şəhərində baş tutmuş birinci iclasından sonra görülmüş işlər, eləcə də Əmək Nazirlərinin növbəti Konfransına hazırlıq məsələləri müzakirə edilib. Tədbir iştirakçıları tərəfindən İƏT çərçivəsində əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanın fəal rolu xüsusilə vurğulanıb. İclasda həmçinin mənzil-qərargahı Bakı şəhərində yerləşəcək İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin təsis olunması ilə bağlı həyata keçirilmiş və nəzərdə tutulan tədbirləri özündə əks etdirən təqdimat Azərbaycan nümayəndə heyəti tərəfindən iştirakçıların diqqətinə çatdırılıb. İclasın sonunda 2017-ci ilin 29-30 noyabr tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək Əmək Nazirlərinin 4-cü konfransında İƏT Əmək Mərkəzinin Nizamnaməsinin imzalanması ilə bağlı mərasimin keçirilməsi, eləcə də Əmək Mərkəzi ilə bağlı Azərbaycan nümayəndə heyətinin və İƏT Katibliyinin birgə təqdimat verməsi qərara alınıb.  
   Tədbir çərçivəsində nazir müavini M. Kərimli İndoneziya Respublikasının İşçi Qüvvəsi naziri Muhammad Hanif Dhakiri və İƏT Baş Katibinin müavini Həmid Opeloyeru ilə ikitərəfli görüşlər keçirib. İndoneziya tərəfi ilə keçirilmiş görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, eləcə də aidiyyəti qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Öz növbəsində, nazir M. Dhakiri İƏT Əmək Mərkəzinin yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəklədiyini bildirib. İƏT-in Baş Katibinin iqtisadi məsələlər üzrə müavini H. Opeloyeru ilə baş tutan görüşdə İƏT Əmək Mərkəzinin yaradılması ilə bağlı görülən işlər geniş müzakirə olunub, bu istiqamətdə İƏT Katibliyi ilə həyata keçiriləcək birgə tədbirlər barədə razılıq əldə olunub.
   Bundan əlavə, Nazirliyin nümayəndə heyəti 11-12 aprel tarixlərində İndoneziya hökuməti tərəfindən təşkil olunmuş “Əmək məsələlərinə dair İslam anlayışı və təcrübəsi üzrə araşdırma və tədqiqatların təşviq edilməsi” mövzusundakı seminarda iştirak edib. Tədbirdə son illər ərzində ölkəmizdəki əldə olunmuş sosial-iqtisadi uğurlar, hazırda həyata keçirilən islahatlar, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq olunan innovativ elektron idarəetmə sistemləri barədə ətraflı məlumat təqdim olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.