www.mlspp.gov.az
Azərbaycanca   English 25.06.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
10.04.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında idman tibbi və reabilitasiya sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb (VİDEO)

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında idman tibbi və reabilitasiya sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.
   Sənədin imzalanması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin  uğurlu sosial siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb. S.Müslümov bu sahədə aparılan işlərin davamı olaraq, nazirliyin reabilitasiya müəssisələri tərəfindən cari ilin ilk rübü ərzində 4644 nəfər əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərildiyini, bu təbəqədən olan şəxslərin 6878 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edildiklərini bildirib: “Cənab Prezidentin xüsusi diqqət və qayğısı son illərdə Azərbaycanda bərpa-müalicə infrastrukturunu qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirməyə imkan yaradıb. Bu sahədə əldə olunan uğurlu nəticələrdən biri əsaslı təmir və yenidənqurmadan sonra 2015-ci ilin sentyabr ayında istifadəyə verilən Respublika Əlillərin Bərpa Mərkəzində yüksək standartlar səviyyəsində reabilitasiya şəraitinin yaradılmasıdır. Ötən il və cari ilin ilk rübü ərzində Mərkəzdə 2250 nəfərədək əlilliyi olan şəxsə ən müasir tibbi-fizioterapevtik aparatlardan istifadə olunmaqla, səmərəli reabilitasiya üsulları əsasında bərpa-müalicə xidmətləri göstərilib”.  
   S.Müslümov qeyd edib ki, bu gün Azərbaycanda idman tibbi və reabilitasiya sahəsinin inkişafı yönündə də məqsədəuyğun işlər aparılır. Hazırda imzalanma tədbiri keçirilən Memorandum da qeyd olunan sahənin inkişafı istiqamətində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında birgə və səmərəli əməkdaşlığın qurulmasına xidmət edir. Sənəd  idman tibbi və reabilitasiya sahəsinin inkişafı məqsədilə birgə layihələrin həyata keçirilməsini, habelə birgə elmi tədbir və təlimlərin, konfransların, seminarların və s. təşkilini nəzərdə tutur: “Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifat”ına edilən dəyişikliklərə əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılan magistr ixtisaslarından biri də idman tibbi və reabilitasiya magistr ixtisasıdır. Həmin ixtisas üzrə təlim və təcrübə bazası kimi Respublika Əlillərin Bərpa Mərkəzi müəyyən olunub. Memorandumda əsas əməkdaşlıq istiqamətlərindən biri də Akademiyanın bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin Mərkəzdə müvafiq təcrübə və təlimlər keçmələrinin təşkil edilməsidir”.
   S.Müslümov eyni zamanda sənədə uyğun olaraq, akademik və elmi mübadilələrin, həmçinin maraq dairəsinə aid biblioqrafik və informasiya materialları mübadiləsinin həyata keçiriləcəyini, birgə fəaliyyətin idman tibbi və reabilitasiya sahəsinin inkişafında önəmli rol oynayacağına əminliyini ifadə edib.
   Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev idman tibbi və reabilitasiyası üzrə magistr proqramının hazırlanmasında qabaqcıl dünya təcrübəsindən istifadə edildiyini, əsas məqsədin qeyd olunan sahə üzrə kadr hazırlığının yüksək səviyyədə həyata keçirilməsi olduğunu diqqətə çatdırıb. F.Hacıyev Akademiya ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığın bu məqsədə doğru aparılan işlərdə öz töhfəsini verəcəyini qeyd edib. O, yüksək standartlara uyğun reabilitasiya şəraitinə malik olan Respublika Əlillərin Bərpa Mərkəzinin idman tibbi və reabilitasiya ixtisası üzrə təhsil alan bakalavr və magistrlərin praktik bilik və bacarıqlara yiyələnmələri üçün önəmli tədris bazası olduğunu vurğulayıb.
   İdman tibbi və reabilitasiyası üzrə magistr proqramının hazırlanması sahəsində əməkdaşlığın həyata keçirildiyi Böyük Britaniyanın UCL (University College London) Universitetinin İdman, Məşq və Sağlamlıq İnstutunun məsləhətçisi, Royal Tibb Cəmiyyətinin idman tibbi və reabilitasiya sahəsi üzrə vitse-prezidenti Mayk Luzmor cari ilin fevral ayında ölkəmizə səfəri çərçivəsində Respublika Əlillərin Bərpa Mərkəzi ilə tanış olduğunu qeyd edib. M.Luzmor Azərbaycanda müasir tələblər səviyyəsində yaradılmış reabilitasiya şəraitinin onda müsbət təəssüratlar yaratdığını bildirib. O, Mərkəzin idman tibbi və reabilitasiya magistr ixtisası üzrə tədris bazası kimi lazımi potensiala malik olduğunu vurğulayıb.
   Sonra S.Müslümov və F.Hacıyev idman tibbi və reabilitasiya sahəsində əməkdaşlığa dair Memorandumu imzalayıblar.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.