www.mlspp.gov.az
Azərbaycanca   English 22.06.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
05.04.2017

Cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 20 faizə yaxın artıb

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən iqtisadiyyatın bütün sahələrində sistemli islahatların davam etdirilməsi, sosialyönümlü iqtisadi siyasətin gerçəkləşdirilməsi cari ilin birinci rübündə də sığorta-pensiya sisteminin dayanıqlı inkişafına öz müsbət təsirini göstərib.
   Belə ki, 2017-ci ilin birinci rübü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizə yaxın artaraq 905,3 milyon manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 12 faizə yaxın artaraq 464,2 milyon manat təşkil edib. Fonda daxilolmaların 63,6 faizi və ya 295,3 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da keçən ilin ilk rübünə nisbətən 11,2 faiz və ya 30 milyon manat çox olmaqla, proqnozun 102,5 faiz icra edildiyini göstərir.
   Fonda ümumi daxilolmaların səviyyəsi cari ilin ötən dövründə pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Həmçinin əldə edilmiş maliyyə imkanları nəticəsində mart ayı üzrə pensiyaların Novruz bayramı ərəfəsində, mart ayının birinci yarısında maliyyələşdirilməsi yekunlaşdırılıb. Yanvar-mart aylarında ölkə üzrə pensiyaçıların sayı cari ilin əvvəli ilə müqayisədə 0,3 faiz və ya 3 771 nəfər artaraq 1 319 000 nəfərə çatıb.
   Azərbaycan Respublikasının Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli Sərəncamına əsasən, bütün növ əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin istehlak qiymətlərinin indeksi səviyyəsinə uyğun olaraq cari ilin yanvar ayından 12,4 faiz artırılması təmin olunub. Ölkə üzrə əmək pensiyalarında artım dinamikasının davamı kimi, əmək pensiyalarının orta aylıq məbləği 2017-ci ilin əvvəli ilə müqayisədə 5,3 faiz artaraq 01 aprel tarixinə 202,38 manata çatıb. Həmçinin ölkə üzrə yaşa görə  əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının   orta aylıq məbləğinə nisbəti 44,9 faiz təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə uyğundur.
   Sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesində fərdi uçota alınanların sayı cari ilin birinci rübündə ilin əvvəlinə nisbətən 2,13 faiz artaraq  01 aprel 2017-ci il tarixə 3 443 760 nəfərə çatıb.
   Əhalinin sığorta-pensiya münasibətləri sahəsində xidmətlərdən elektron qaydada, rahat və şəffaf şəraitdə faydalanması, bu sahədə xidmətlərin online rejimdə sadələşdirilməsi üçün ötən dövrdə aparılan mühüm işlər hesabat dövründə də davam etdirilib. Belə ki, sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayı azaldılaraq vahid rüblük hesabatla əvəz edilib. Bununla əlaqədar artıq cari ilin 01 aprel tarixindən real rejimdə məcburi dövlət sosial sığorta haqları üzrə fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.