www.mlspp.gov.az
Azərbaycanca   English 23.10.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda 5 rayonun sakinləri ilə görüşüb                    Türkiyənin İstanbul şəhərində BƏT-in 10-cu Avropa Regional İclası keçirilir

İctimaiyyətlə əlaqələr / Xəbərlər
02.03.2017

Beynəlxalq Valyuta Fondunun  nümayəndələri ilə birgə əmək bazarı proqramları və sosial müdafiə sahəsində islahatlar müzakirə olunub

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti ilə görüşdə respublikamızda əmək bazarı proqramları və sosial müdafiə sahəsində islahatlar müzakirə olunub.
   Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev son illərdə dünya iqtisadiyyatında dərinləşən böhranın Azərbaycan iqtisadiyyatına təsirlərinin minimallaşdırılması məqsədilə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar barədə məlumat verib. Nazir müavini bu islahatların ölkəmizin 2016-cı ili uğurla başa vurmasına imkan verdiyini, məqsədyönlü iqtisadi şaxələndirmənin müsbət nəticəsi kimi ötən il qeyri-neft sektorunda 5 faiz, cari ilin yanvar ayında 13 faiz artımın qeydə alındığını bildirib: “Azərbaycanda artıq postenerji dövrünə uyğun şəkildə formalaşmış səmərəli iqtisadi idarəetmə siyasətinin əsas hədəfləri sırasında sosial müdafiə və məşğulluq amilləri xüsusi yer tutur. Aparılan islahatlar şəritində də ötən il ümumilikdə 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn sosial ödənişlərin artırılması təmin olunub. Respublikada əhatəliliyi baxımından beynəlxalq səviyyədə də müsbət dəyərləndirilən sosial təminat sistemi fəaliyyət göstərir. Cari ilin elə ilk vaxtlarından növbəti addımlar kimi, minimum əmək haqları və pensiyaların sığorta hissəsi ötən ilin inflyasiya səviyyəsinə uyğun şəkildə indeksləşdirilərək artırılıb”.
   İ.İsayev bildirib ki, dövlət başçısının irəli sürdüyü sosial məsuliyyət prinsipi mövcud iqtisadi şəraitdə aktiv məşğulluq tədbirlərinin gücləndirilməsinə imkan yaradıb. Görülən tədbirlər nəticəsində ölkəmizin əmək bazarında sabitliyin mövcud olduğunu, işsizliyin artmasının qarşısının alındığını qeyd edən nazir müavini əmək bazarında mövcud vəziyyətə dair göstəriciləri qeyd edib. O hazırda Azərbaycanda işsizlik səviyyəsi göstəricisinin əksər ölkələrlə, hətta ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağı, yəni 5 faiz səviyyəsində olduğunu vurğulayıb. Nazir müavini özünüməşğulluq proqramı çərçivəsində görülən işləri də diqqətə çatdırıb.
   Əmək və sosial müdafiə sahəsində yaradılmış avtomatlaşdırılmış sistemlər (əmək müqavilələrinin elektron qeydiyyatı sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi, avtomatlaşdırılmış pensiya təminatı sistemi) barədə məlumat verən İ.İsayev  ötən dövrdə ölkəmizdə sığorta-pensiya sisteminin qabaqcıl dünya təcrübəsindən irəli gələn prinsiplərə uyğun təkmilləşdirilməsi üçün həyata keçirilmiş islahatları diqqətə çatdırıb: “Bu sistemin mühüm üstünlüklərindən biri işləyən əhalinin gələcək pensiya təminatında iştirakını stimullaşdırmasıdır. Təsadüfi deyil ki, sığorta-pensiya təminatı sisteminin əsas elementi olan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ildən-ilə artmaqda davam edir. Bu artım tendensiyasının davamı kimi, 2016-cı ildə həmin daxilolmalar əvvəlki illə müqayisədə 6,4 faiz, o cümlədən qeyri-büdcə sektorundan daxilolmalar 5,8 faiz artıb. Ölkəmizin sığorta-pensiya sistemində islahatların növbəti mərhələsi kimi, pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərinin daha da gücləndirilməsi, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırma mexanizmlərinin formalaşdırılması və s. əsas hədəflər kimi müəyyən olunub. Əsas məqsəd olaraq  pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin yaradılması və pensiya təminatı sistemində iştiraka marağın daha da artırılması təmin ediləcək”. İ.İsayev işsizlikdən sığorta sisteminin yaradılması istiqamətində görülən işləri də qeyd edib.
   Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov ölkəmizin yeni uzunmüddətli Məşğulluq Strategiyası layihəsi, sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Çingiz Əliyev pensiya qanunvericiliyinin təkmilləşdirilməsi üçün hazırlanan yeni qanun layihəsi barədə məlumat veriblər.
   BVF-nin ekpertləri Karolina Kastellanos və Vina Nguyen Azərbaycanda milli iqtisadiyyatın inkişafına yönələn proseslərin eyni zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi və əmək resurslarının məşğulluğunun təmin edilməsi yönündə ardıcıl addımların atılması ilə müşahidə olunmasını yüksək dəyərləndiriblər. Onlar ölkəmizdə icra olunan aktiv əmək bazarı proqramlarını, pensiya təminatı sisteminin təkmilləşdirilməsi sahəsində ötən dövrdə qazanılmış nailiyyətlərin önəmini vurğulayıblar. Pensiya təminatında sığorta prinsiplərinin daha da gücləndirilməsinin bu təminat sisteminin ən vacib faktoru olduğunu bildirən ekpertlər bu istiqamətdə islahatların da uğurlu nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.
   Görüş əmək bazarında inkişaf meylləri, əmək bazarı proqramları, sığorta-pensiya sistemində islahatlar, dövlət sosial yardım sistemi və s. mövzularda müzakirələrlə davam edib, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.