www.mlspp.gov.az
Azərbaycanca   English 24.08.2017 - cı il
Xəbər lenti

Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 73 473 manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib                    Cari ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 5 milyon 970 min 381 müraciət qeydə alınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
27.02.2017

Səlim Müslümov: "Azərbaycan qlobal iqtisadi böhran şəraitində işsizlik və yoxsulluğun artmasının qarşısının alınmasında digər ölkələrlə müqayisədə əhəmiyyətli nəticəyə nail olub"

   Azərbaycan Prezidenti cənab İlham Əliyevin qlobal iqtisadi və siyası çağırışlara adekvat olaraq həyata keçirdiyi uğurlu islahatlar kursu, dünya iqtisadiyyatında böhranın dərinləşdiyi 2016-cı ildə və cari ilin ötən dövründə ölkəmizin sosial-iqtisadi inkişafının davam etməsinə şərait yaratmaqla, əmək bazarında sabitliyin qorunub saxlanmasına, işsizlik və yoxsulluğun artmasının qarşısının alınmasına imkan verib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə müsahibəsində vurğulayıb. Nazir bildirib ki, dövlət başçısının ilk növbədə milli sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi əsasında iqtisadi şaxələndirməni və qeyri-neft sektorunun sürətli inkişafını, bu sektor üzrə rəqabət qabiliyyətli və ixrac yönümlü məhsul istehsalının artımını nəzərdə tutan islahatlar paketi əmək ehtiyatlarından istifadənin genişləndirlməsini də stimullaşdırıb. Ötən il ölkədə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yerinin açılması iqtisadi fəallığın və əmək bazarının qeyd olunan böhranın mənfi təsirlərindən qorunmasında mühüm faktor olub: “Xüsusən də dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünün müsbət nəticəsi kimi, dövlət təşkilatlarında 40 minədək iş yeri yaradılaraq bu barədə məşğulluq orqanlarına vakansiyalar təqdim edilib. Həmin vakant iş yerlərinə göndərişlərin verilməsində şəffaflıq tam təmin olunub. İlk növbədə işsiz və işaxtaran kimi uzun müddət qeydiyyatda olan, iş tapmaqda çətinik çəkən şəxslərin məşğulluğu diqqətdə saxlanılmaqla, bu və ya digər ixtisarlar nəticəsində sərbəstləşmiş işçi qüvvəsinin dərhal vakant iş yerlərində yerləşdirilməsi prosesi həyata keçirilib”.
    Dövlət başçısının əmək resurslarının səmərəli məşğulluğunun təminatı ilə bağlı müəyyən etdiyi vəzifəyə uyğun olaraq, nazirliyin məşğulluq orqanları tərəfindən aktiv məşğulluq tədbirləri ötən il daha da gücləndirilib, bu orqanlar vasitəsilə 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 631 nəfərin məşğulluğu təmin edilib: “Görülən kompleks tədbirlərin müsbət nəticəsi kimi, bu gün Azərbaycanda işsizlik səviyyəsi əksər ölkələrlə, eləcə də ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır. Belə ki, işsizlik səviyyəsi İspaniyada 19,6 faiz, Fransada 9,9 faiz, Finlandiyada 8,8 faiz, Xorvatiyada 12,8 faiz, Belçikada 8 faiz, Bolqarıstanda 7,7 faiz, Danimarkada 6,2 faiz, Latviyada 9,7 faiz, Litvada 8 faiz, Portuqaliyada 11,2 faiz, Slovakiyada 9,7 faiz, Sloveniyada 7,9 faiz, İsveçdə 6,9 faiz, Rumıniyada 6 faiz. Niderlandda 6 faiz və s. təşkil etdiyi halda, Azərbaycanda 5 faiz həddindədir”.
    Nazir bildirib ki, ölkəmizdə işçi qüvvəsinin, xüsusən də sərbəstləşmiş işçi qüvvəsinin dərhal vakant iş yerlərində işlə təminatı əmək haqları formasında ailə gəlirlərinin azalmasının qarşısının alınmasına imkan verib. Bu və digər tərəfdən, əmək haqları da daxil olmaqla bütün sosial ödənişlərin, o cümlədən sosial cəhətdən həssas qrupların maddi təminatlarının artırılması tədbirləri ümumən əhalinin alıcılıq qabiliyyətinin sabit saxlanmasına şərait yaradıb: “Aparılan sosial-iqtisadi siyasət ötən dövrdə yoxsulluğun kəskin şəkildə azaldılması sahəsində əldə olunmuş nailiyyətin də qorunub saxlanmasına imkan verib. Dünya ölkələrinin 2015-ci il üzrə aidiyyəti statistik göstəricilərinin təhlili Azərbaycanın dünya üzrə ən aşağı yoxsulluq göstəricisinə malik az sayda ölkələr sırasında olduğunu deməyə əsas verir. Bu göstərici ölkəmizdə 5,9 faiz səviyyəsində olduğu halda, məsələn, Macarıstanda 14,5 faiz, Portuqaliyada 19,5 faiz, Rumıniyada 25,4 faiz, Latviyada 22,5 faiz, Litvada 22,2 faiz, Yunanıstanda 21,4 faiz və s. səviyyəsindədir”.
    S.Müslümov sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin cari ildə də davam etdirildiyini, minimum əməkhaqqının artırılmasının, pensiyaların sığorta hissəsinin indeksasiyasının, qaçqın və məcburi köçkünlərə aylıq müavinətin müəyyən edilməsinin və s. sosial rifahda müsbət meyllərin davam etməsinə imkan yaratdığını qeyd edib. Bundan başqa, ehtiyac meyarının məbləğinin artırılması ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin daha da genişlənməsinə səbəb olub: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, cari ildə də işsiz və işaxtaran vətəndaşlar üçün dövlət təşkilatlarında iş yerlərinin yaradılması və bu barədə məşğulluq orqanlarına məlumatların təqdim olunması işləri aparılır. Yalnız onu qeyd etmək kifayətdir ki, təkcə bu ilin yanvar ayında məşğulluq orqanlarının xətti ilə artıq 17 410 nəfər işsiz və işaxtaran şəxsin iş yerləri ilə təminatı həyata keçirilib. Cari ildə Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, 103 nəfər işsiz və işaxtaran şəxs ailə təsərrüfatlarının qurulması üçün aktivlərlə təmin olunub. Bu məqsədlər üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 6 milyon manat ayrılıb. Həmin vəsait hesabına ölkə üzrə təqribən 1400-dən yuxarı ailənin özünüməşğulluq layihələrinə cəlb edilməsi təmin olunacaq. Əgər hər ailədə orta hesabla 4-5 nəfər ailə üzvünün olduğunu nəzərə alsaq, bu proqram 6 mindən artıq insanın rifahında müsbət dəyişikliklərə imkan yaradacaq”.
    S.Müslümov vurğulayıb ki, ümumilikdə il ərzində əmək resurslarının səmərəli məşğulluğunun təmin edilməsinə, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ümumən sosial sabitliyin təmin olunmasına yönələn tədbirlər davam etdiriləcək.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.