www.mlspp.gov.az
Azərbaycanca   English 25.03.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyində BMT-nin Əhali Fondunun regional direktoru ilə görüş olub                    Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
23.02.2017

Azərbaycanda ixtisaslaşmış işçi qüvvəsinə tələbatın təhlili və monitorinqinə dair təqdimat keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məlumat mübadiləsi saatı” çərçivəsində Avropa Təlim Fondunun Vakansiya, təhsil və təlim departamentinin aparıcı mütəxəssisi Eduarda Kastel Branko tərəfindən Azərbaycanda ixtisaslı kadrlara olan tələbatın təhlili və monitorinqi barədə təqdimat keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan ümumi tərəqqi proseslərinin insan kapitalının inkişafına, o cümlədən işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin güclənməsinə də şərait yaratdığını vurğulayıb. Nazir bildirib ki, əmək məhsuldarlığının artırılmasında, dayanıqlı iqtisadi artımın, istehsal və xidmətlərin rəqabət qabiliyyətinin təmin olunmasında işçi qüvvəsinin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi mühüm iqtisadi prinsip kimi çıxış edir: “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də strateji hədəflərdən biri kimi insan kapitalının inkişaf etdirilməsi müəyyən olunub. Bu məqsədə yönələn tədbirlər sırasında işçilərin bilik və bacarıqlarının inkişaf etdirilməsində fasiləsizliyin təmin edilməsi, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması tədbirləri yer alır”.

Nazir işçi qüvvəsinin iqtisadi inkişaf prosesinə uyğun təkmilləşdirilməsi, keyfiyyətinin, məhsuldarlıq səviyyəsinin yüksəldilməsi yönündə aparılan işlərdən bəhs edib: “Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində  son illərdə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İSCO88/08-ə uyğun şəkildə beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kompetensiyalar əsasında təkmilləşdirilmiş  350-dən artıq peşə standartı, 63 kvalifikasiya standartı hazırlanaraq istifadəyə verilib. Onların əksəriyyəti  qeyri-neft sektorunu əhatə edib. Eyni zamanda, nazirlik tərəfindən əmək resurslarının rəqabət qabiliyyətinin artırılması yönündə tədbirlərin davamı olaraq, təkcə 2016-cı ildə 3 702 nəfər şəxs, o cümlədən məşğulluq orqanlarının xətti ilə 3 352 nəfər, nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 350 nəfər vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. İxtisas artımı ilə əlaqədar bu kurslara cəlb olunanların sayı da artır, məsələn, ixtisas artırılması ilə əlaqədar məşğulluq orqanlarının əlavə təhsil kurslarına cəlb edilənlərin sayı 2016-cı ildə əvvəlki illə müqayisədə təqribən 85 faiz çox olub”.

S.Müslümov nazirliyin peşə hazırlığı sisteminin maddi-texniki bazasının gücləndirilməsi işlərinin də aparıldığını, hazırda Bakı, Naxçıvan, Göyçay  şəhərlərində Regional Peşə Tədrisi Mərkəzlərinin fəaliyyət göstərdiyini, Gəncə şəhərində də belə bir mərkəzin istifadəyə veriləcəyini diqqətə çatdırıb: “Hazırda ölkə iqtisadiyyatının inkişaf meylləri əmək bazarında ixtisaslaşmış işçi qüvvəsinə tələbin hansı isitiqamətdə dəyişdiyini müəyyən etməyə imkan verir. Belə ki, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, müasir texnologiyaların, İKT-nin tətbiqi proseslərinin genişlənməsi və s. əmək bazarında həmin sahələr üzrə ixtisaslaşmış işçi qüvvəsinə tələbin artmasına səbəb olur. O cümlədən, bu gün ənənəvi kənd təsərrüfatı sahələrində müşahidə olunan inkişaf bu sahələr üzrə ixtisaslaşmış kadr potensialının formalaşdırılmasını da əsas vəzifələrdən biri kimi müəyyən edir. Bu bir faktdır ki, bu gün müxtəlif ixtisaslar üzrə təhsil alanlar arasında ənənəvi kənd təsərrüfatı sahələri üzrə ixtisaslara yiyələnənlərin sayının daha çox olması tələb edilir”.

Nazir bildirib ki, ümumilikdə əmək bazarında işçi qüvvəsinə tələblə təklif arasında uyğunluğun təmin olunması üçün gənclər arasında peşə və ixtisaslara meylin düzgün formalaşdırılmasının xüsusi önəmi var: “Bizim aktiv məşğulluq tədbirlərimizin bir istiqaməti də məhz bu məsələ ilə bağlıdır. Misal üçün, ötən il məşğulluq orqanları vasitəsilə peşəyönümü tədbirləri çərçivəsində 117 244 nəfər gəncə əmək bazarında işəgötürənlərin tələbləri haqqında geniş və ətraflı məlumatlar çatdırılıb. Onlara əmək bazarındakı tələbə uyğun düzgün peşə və ixtisas seçimi etmələri üçün peşəyönümü məsləhətləri verilib”.

İxtisaslaşmış işçi qüvvəsinə tələb və təklifin proqnozlaşdırılmasının əmək bazarının tənzimlənməsində faydalı olduğunu diqqətə çatdıran S.Müslümov bu sahədə, ümumən peşə təlimi sisteminin inkişafında Avropa Təlim Fondu ilə əməkdaşlığın, Fondun institusional dəstəyinin əhəmiyyətini qeyd edib: “Fondun Vakansiya, təhsil və təlim departamentinin aparıcı mütəxəssisi Eduarda Kastel Brankonun Azərbaycanda ixtisaslı kadrlara olan tələbatın təhlili və monitorinqi barədə təqdimatı da hesab edirəm ki, əmək bazarında ixtisaslaşmış işçi qüvvəsinə tələb və təklifin proqnozlaşdırılması işlərində önəmlidir”.

Sonra Azərbaycanda ixtisaslı kadrlara olan tələbatın təhlili və monitorinqi barədə təqdimat olub. Təqdimat əmək bazarında keyfiyyətli, ixtisaslaşmış işçi qüvvəsinə tələbi formalaşdıran amillər,  bu tələbə uyğun ixtisaslaşmış kadr potensialının yaradılması, məsələnin həllinin institusional, texniki əsasları və s. ilə bağlı müzakirələrlə davam edib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.