www.mlspp.gov.az
Azərbaycanca   English 26.06.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
28.04.2017

Azərbaycanda məşğulluq və inkişaf təlimçilərinin milli şəbəkəsi yaradılıb

28 Aprel 2017-ci il tarixində ASAN Təlim Mərkəzində “Məşğulluq və İnkişaf Təlimçilər Şəbəkəsi” İctimai Birliyinin təsis edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə məşğulluq və inkişaf sahəsində fəaliyyət göstərən peşəkar təlimçilər, dövlət qurumları və sosial tərəfdaşlar, beynəlxalq təşkilatlar və özəl qurumların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə “Məşğulluq və İnkişaf Təlimçilər Şəbəkəsi” İctimai Birliyinin təşəbbüs qrupunun rəhbəri, Beynəlxalq Əmək Təşkilatının master təlimçisi Azad Rəhimov açıb. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkədə dövlət səviyyəsində özünüməşğulluq proqramının icrasına başlandığını, bu proqram çərçivəsində Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq çərçivəsində beynəlxalq standartlara cavab verən təlim materialları əsasında 138 təlimçi hazırlandığını qeyd edib. Bu proqramın icracısı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, sosial tərəfdaşlar və BƏT nümayəndələri ilə aparılmış məsləhətləşmələr nəticəsində özünüməşğulluq proqramının davamlı inkişafını təmin etmək məqsədilə təlimçilərin peşəkar qurumda birləşməsi tövsiyə edilib. Özünüməşğulluq proqramı çərçivəsində hazırlanmış “Öz Biznesini Başla və Təkmilləşdir” (ÖBBT) təlimçiləri məsələni müzakirə edərək ÖBBT təlimçilərinin də daxil olduğu “Məşğulluq və İnkişaf Təlimçiləri Şəbəkəsi” İctimai Birliyinin yaradılmasını qərara alıblar.

Tədbirin açılış panelində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli bu təşəbbüsü yüksək qiymətləndirdiklərini, ÖBBT təlimçilərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BƏT arasında olan əməkdaşlıq çərçivəsində hazırlandıqlarını qeyd edib. Nazir müavini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə həyata keçirilən özünüməşğulluq proqramının icrasının uğurla davam etdiyini, artıq bu prorqamın beynəlxalq səviyyədə yüksək qiymət aldığını, BƏT tərəfindən “müsbət təcrübə” kimi tanındığını və digər ölkələrə tövsiyə olunduğunu bildirib.

Müzakirələrdə AR həmkarlar ittifaqları konfederasiyası nümayəndəsi Namiq Hüseynov, BMT nümayəndəsi Gülarə Hümbətova, BƏT–in Azərbaycan üzrə ölkə əlaqələndircisi Yaşar Həmzəyev və başqaları çıxış ediblər. Çıxış edənlər bu qurumun ölkəmizdə həyata keçirilən məşğulluq və inkişaf layihələrinin icrasına, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə mühüm töhfə olacağını, təlim sahəsində peşəkar standartların hazırlanmasında və yeni təlimçilərin hazırlanmasında aparıcı rol oynayacağına ümid etdiklərini bildiriblər.

Açılış panelində “Məşğulluq və İnkişaf Təlimçiləri Şəbəkəsi” İctimai Birliyinin təşəbbüs qrupunun üzvü, ÖBBT təlimçisi Könül Hüseynova təşkilatın konsepsiyası, məqsədləri, nəzərdə tutulan tədbirlər haqqında geniş təqdim edib.

Tədbirin ikinci hissəsində “Məşğulluq və İnkişaf Təlimçilər Şəbəkəsi” İctimai Birliyinin təsis edilməsi, İctimai birliyin nizamnaməsinin təsdiq edilməsi, İctimai Birliyin nizamnaməsinə uyğun olaraq idarəetmə və icra orqanları təşkil edilməsi,  İctimai birliyin təsis sənədlərinin Azərbaycan Respublikasının Ədliyyə  Nazirliyinə təqdim edilməsi üçün təsisçilərindən olan  qanuni  təmsilçi təyin olunması məsələlərini müzakirəyə təqdim edilib və müvafiq qərarlar qəbul edilib. Qərara əsasən, “Məşğulluq və İnkişaf Təlimçilər Şəbəkəsi” İctimai Birliyi təsis edilib və qeydiyyat üçün qanuni prosedurların icrasına başlanıb.


 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.