www.mlspp.gov.az
Azərbaycanca   English 11.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
07.12.2018

“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq

Kitab-albom əsasında yaradıcı fiziki məhdudiyyətli insanların elektron reyestri və həmin reyestr əsasında əl işlərinin satışı portalı yaradılacaq

Azərbaycan və ingilis dillərində nəşr olunan və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan “Əlillik qüsur deyil” kitab-albomunun digər dillərdə də nəşri planlaşdırılır.
Nəfis şəkildə tərtib olunan 278 səhifəlik kitab-albom Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrinin istedadlı sakinləri, onların yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin məlumatları əhatə edən ilk nəşrdir. Kitab-albomun ilk hissəsində ulu öndər Heydər Əliyevin əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara qayğıkeş münasibətindən, Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında həmin kateqoriyalardan olan insanların sosial təminatının gücləndirilməsi, onların cəmiyyət həyatında fəal iştirak imkanlarına malik olmaları üçün aparılan işlərdən bəhs olunur. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fiziki məhdudiyyətli insanlarla bağlı nəcib və xoşməramlı layihələri barədə məlumatların əksini tapdığı nəşrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə daim yaxından dəstək olması, sosial xidmət müəssisələrində yaşayan insanlarla görüşləri barədə dolğun məlumatlar da təqdim olunur.
Kitab-albomda oxucu fiziki məhdudiyyətli olsalar da daim özlərinə inam hissi ilə yaşayan, istedad və qabiliyyətləri ilə seçilən və bu bacarıqlarını daim inkişaf etdirməyə, təkmilləşdirməyə çalışan, ictimai-mədəni həyatda artıq özlərini uğurla təsdiq etməyə nail olan 60-a yaxın fiziki məhdudiyyətli insan və onların müxtəlif yaradıcılıq nümunələri ilə yaxından tanışlıq imkanı qazanır.
Ölkəmizdə boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanların uğurları,  Azərbaycan idmanı üçün yenilik olan Boccia İdman Federasiyası, ilk inklüziv teatr olan ƏSA teatrının qısa müddətdə əldə etdiyi nailiyyətlər, teatrın əlilliyi olan şəxslərdən ibarət yaradıcı heyətinin peşəkar səviyyədə hazırladığı tamaşalar barədə oxucuya məlumatlar verilir.
Nəşrdə təqdim olunan məlumatlar əlilliyin heç də bir qüsur və mənsub olduğun cəmiyyətin sıralarında uğurla addımlamaq üçün maneə olmadığı fikrini aşılayır. Fiziki məhdudiyyət üzərindən əzm və məharətlə adlayaraq öz uğur hekayəsinə çatmağı bacaran insanların timsalında bu fikir əyani şəkildə təsdiqini tapır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab-albom xüsusilə əlilliyi olan yaradıcı insanların əl işlərinə maraq göstərən sənətsevərlər üçün böyük əhəmiyyət daşıyır. Kitab-albom əsasında yaradıcı fiziki məhdudiyyətli insanların elektron reyestrinin, həmin reyestr əsasında fiziki məhdudiyyətli insanların əl işlərinin daha geniş miqyasda tanıdılması və satışı imkanlarının genişləndirilməsi üçün veb-portalın yaradılması da nəzərdə tutulub.

 

 

 

 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.