www.mlspp.gov.az
Azərbaycanca   English 20.11.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
08.05.2018

Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsinin əsasları və qaydaları barədə seminar keçirilib

Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan və əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə olmaqla, işçinin əmək və sosial hüquqlarının təminatında əsas hüquqi sənəd rolunu oynayır. Həmin müqavilə olmadan mövcud olan əmək münasibətləri qeyri-rəsmi xarakter daşıyır və işçinin hüquqlarının ciddi şəkildə pozulmasına  səbəb olur.  
Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin  “Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin  əsasları və qaydaları” mövzusunda Bərdə rayonunda təşkil etdiyi seminarda vurğulanıb. Rayondakı ayrı-ayrı iri işəgötürənlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin  rəis müavini  Anar Quliyev, Xidmətin 17 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Akif Baxşəliyev, Müfəttişliyin baş əmək müfəttişi Mahir Balakişiyev və başqaları çıxış edərək mövzu ilə bağlı ətraflı məlumatlar veriblər.
Qeyd olunub ki, əmək müqaviləsi sərbəst bağlanır və əmək münasibətləri yaratmayan, yaxud yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edə bilməz. Bağlanan hər hansı əmək müqaviləsi və ya bu müqavilədə edilmiş dəyişiklik,  yaxud əmək müqaviləsinə xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçməlidir. Əks halda bu müqavilə hüquqi qüvvəyə minmir.
Seminarda əmək müqaviləsinin tərəfləri və məzmunu, forması, müddəti, həmin müqavilənin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası, müddətli əmək müqaviləsi bağlanan hallar və s. barədə əmək qanunvericiliyindən irəli gələn tələblər iştirakçıların diqqətinə çatdırılıb. Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları barədə də ətraflı məlumat verilib. O da bildirilib ki, işçi əmək müqaviləsini ləğv etmək istəyərsə, bu barədə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Həmin müddət keçənə qədərki dövrdə işçi ərizəsini geri götürə və ya həmin ərizənin etibarsız hesab edilməsi barədə yeni ərizə verə bilər. Lakin bu o halda mümkündür ki, işəgötürən həmin vəzifəyə (peşəyə) artıq yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməsin.
Tədbirdə iştirakçılara müvafiq mövzu barədə maarifləndirici çap materialları da paylanıb, onların əmək münasibətlərinin hüquqi tənzimlənməsi ilə bağlı konkret məsələlərə dair sualları ilə bağlı izahatlar verilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.