www.mlspp.gov.az
Azərbaycanca   English 12.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
28.02.2018

“Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda seminar keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Quba rayonunda “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda seminar keçirib. Müvafiq mövzuda məlumatlandırma məqsədi daşıyan seminarda bölgədə fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri, ayrı-ayrı müəssisələrin qadın işçiləri iştirak edib.
Tədbirdə ölkəmizin əmək qanunvericiliyində qadınların əmək münasibətləri sahəsində kişilərlə bərabər hüquqlara malik olduqları, əmək hüquqları sistemində gender prinsiplərinin təmin edildiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək münasibətlərində cinsinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qadağandır. Bununla belə, qanunvericiliklə qadınlara güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik halı hesab edilmir.
Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqinin, hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina edilməsinin qadağan olunduğu diqqətə çatdırılıb. Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla sınaq müddətinin müəyyən edilmədiyi, hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların attestasiya olunmayan işçilər sırasında olduqları bildirilib.
Seminar zamanı hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının xüsusiyyətləri, qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər, qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılmasının qadağan olunması ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər və s. barədə də məlumat verilib.
İştirakçıların suallarının cavablandırılması ilə davam edən seminarda müvafiq mövzuda maarifləndirici bukletlər də paylanıb.
 


Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.